Ölkə futbolu

“Səhvinə görə hər kəsdən üzr istədi” – “Araz Naxçıvan”ın oyunçusu

Azərbaycan Premyer Liqasının növbəti turunda “Zirə” ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın üzvü Aksel Nqando hazırlıq və komandadakı vəziyyətlə bağlı klubun mətbuat xidmətinə danışıb. 

İdmanxeber.az fransalı yarımmüdafiəçinin müsahibəsini təqdim edir.

 

– “Zirə” ilə oyuna hazırlıq necə gedir?

– Oyunun əhəmiyyətini başa düşürük. Ən yüksək səviyyədə hazırlaşırıq. Məşqlərdə çalışırıq ki, məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə icra edək, özümüzü ən yaxşı tərəfdən göstərək. Bilirik ki, oyun asan olmayacaq. Rəqibimiz turnir cədvəlinin üst sıralarındadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Rəqibin oyununu izləmisənmi?

– Əlbəttə, izləmişəm. Azərbaycana gələndən sonra ilk oyunum “Zirə”yə qarşı olub. Yaxşı komandadır, xüsusilə də müdafiədə etibarlı oynayırlar. İndiyə qədər cəmi 8 qol buraxıblar. Yenə deyirəm, bizim üçün vacib oyundur. Çünki son 4 matçda qələbə qazana bilməmişik.

– Müdafiə xəttinin etibarlı oyununu qabartdın. Yarmaq mümkün olacaqmı?

– Hətta uduzduğumuz oyunlar daxil bütün matçlarda qol vurmaq üçün şanslarımız olub. “Zirə  ilə görüşdə də bu imkanımız olacaq, yaradacağıq. Əsas məsələ həmin anda onu realizə etməkdir. İnanıram ki, bacaracağıq. Oyuna tam köklənməliyik.

– “Səbail”lə oyunun son saniyələrində əldən verilən qələbə komanda üzvlərinə psixoloji baxımdan mənfi təsir edə bilərmi?

– Son saniyədə qol buraxmağımız bizi təəccübləndirdi. Halbuki daha çox qol vura və meydandan 3 xalla ayrıla bilərdik. Rəqibdən daha yaxşı çıxış etmişdik. Futbolda bu cür hal ilk dəfə deyil, bundan əvvəl də olub, sonra da olacaq. Heç kim heç nədən sığortalanmayıb. Konsantrasiyamızı növbəti oyuna qorumalıyıq. “Zirə”yə qarşı son matçdakı kimi oynasaq, qələbə qazana bilərik.

– “Səbail”lə oyundan sonra Numan Kurdiç  komanda yoldaşlarına nə dedi?

– Səhvinə görə (avtoqol müəllifi olub – red) hər kəsdən üzr istədi. Bilərəkdən edilən hərəkət deyildi. Böyük səhv olsa da, biz onu başa düşürük. Hər birimiz bu situasiya ilə qarşılaşa bilərik. Futbol səhvlərlə doludur.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43