18 İyul 2026
Ölkə futbolu

Sərxan Hacıyev: “Aidiyyatı qurumlar tərəfindən araşdırmalar aparılır”

Bir müddət öncə AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata danışılmış oyunlarla bağlı açıqlama verib. Qurum rəsmisi bir sıra oyunların şübhəli olduğunu və hazırda araşdırmaların davam etdiyini bildirmişdi.

Sərxan Hacıyev konkret olaraq hansısa klubun adını çəkmədiyi üçün bu açıqlamasının ardından mətbuatda bir neçə komandanın adları danışılmış oyunlarda olduğu yazılmağa başladı. Xüsusi ilə də I Divizionda qeydə alınan bəzi nəticələr şübhə doğurur və onların danışılmış oyunlar olduğu iddia edilirdi. 

Məsələyə konkret fikir bildirməsi və danışılmış oyunlarda adı keçən klubların hansılar olduğunu dəqiqləşdirmək üçün AFFA-nın baş katibi Sərxan Hacıyevlə əlaqə saxladıq. Federasiya rəsmisi məsələ ilə bağlı idmanxeber.az saytına bunları dedi:

“Hazırda aidiyyatı qurumlar tərəfindən araşdırmalar davam edir. Detallı bir məlumat yoxdur. Dəqiq sübutlar və dəlillər olduğu təqdirdə ictimaiyyətə ətraflı açıqlama veriləcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43