“Beşiktaş” sabah “Atletiko” ilə xeyriyyə matçı keçirəcək.
Bir müddət öncə “Sabah” klubunun da Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlər üçün İstanbul təmsilçisi ilə üz-üzə gələcəyi bildirilmişdi. Oyunun hansı tarixdə keçiriləcəyi açıqlanmasa da, yaxın vaxtda baş tutacağı gözlənilirdi.
Daha sonra “Beşiktaş”ın “Atletiko” ilə qarşılaşacağını elan etməsi “Sabah”la oyunun təxirə getdiyi yönündə iddialar yaratdı.
Məsələyə aydınlıq gətirmək üçün Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. O, son durumla bağlı idmanxeber.az saytına bunları dedi:
“Beşiktaş”la xeyriyyə matçının keçirilməsi ilə bağlı danışıqlarımız davam edir. Əsas məsələ oyunun hər iki klub üçün uyğun olan tarixdə keçirilməsidir. Bildiyiniz kimi, Türkiyədə baş vermiş zəlzələdən sonra çempionatda fasilə yarandı və bunun da nəticəsində liqanın təqvimində dəyişiklik edildi.
“Beşiktaş”ın “Atletiko” ilə keçirəcəyi yoxlama oyununun bizim matçla bağlı planlara hər hansı təsiri yoxdu. Çünki onsuz da danışıqlar zamanı oyunun aprelin 20-dən sonra keçirilməsi müzakirə edilirdi”.
Həsən Quluzadə

