Ölkə futbolu

“Sabah”ın verdiyi mesaj

“Qarabağ”ın illərdir rəqibsiz olduğu Azərbaycan Premyer Liqasında hər il çempionata maraq qatan komanda axtarışında oluruq. Bir ağızdan rəqabətsizlikdən şikayətləndiyimiz çempionatımızda dünən bir işıq yandı.
Əlbəttə, bir oyunla bütün mövsümə qiymət verə bilmərik. Ancaq bəzən bir görüş də müəyyən mesajlar üçün kifayət edir.
“Qarabağ” – “Sabah” matçı bizim üçün müsbət bir siqnal idi. Söhbət görüşdə vurulan yeddi qoldan getmir. Qalib gəlmək, məğlub olmağı da hələlik bir kənara qoymaq olar. Əsl dərdimiz olan yazının əvvəlində qeyd etdiyim rəqabətsiz vəziyyəti ortadan qaldırmaqdır. “Sabah”ın cari mövsüm çempionatdakı çıxışını təsadüfü görənlər dünənki görüşdən sonra mütləq fikir dəyişdirməlidir. Hazırda “Qarabağ”a qarşı belə bir performans ortaya qoymaq hər komanda üçün deyil. Bu özü belə artıq nəticədir, yolda düzgün getməyin işarəsidir. Komanda geriyə düşsə də, on nəfər qalsa da, axıra qədər xarakter göstərə bildi. Ki böyük nəticələr üçün elə ən vacib məqam da budur – xarakter.
Bunu qətiyyən şansla əlaqələndirmək olmaz. Çinlilərin əla bir sözü var: şans hazır olana gəlir. “Sabah” hədəf üçün hazırdır. Görüşün nəticəsi maksimum komandanın kefini pozar, oyununu yox. Güclənərək də çıxmaq üçün əla motivasiyadır belə məqamlar.
Turun ən maraqlı qarşılaşmasında belə hakim idarəçiliyi hər kəsi məyus edir. Əminəm ki, “Qarabağ” da qalib gəldiyi oyundan sonra hakimdən bu qədər danışılmasından narahatdır. Ancaq bütün hər şeyi “oldu bitdi”, “hakimlər də səhv edər”lə də keçişdirmək olmaz. Bu oyun çempionluğun taleyini həll edən bir görüş olsaydı, necə olacaqdı? Hələ mövsümün əvvəlində iki yaxşı komandanın görüşündə bu qədər biabırçı hakim səhvləri qəbuledilməzdir.
Yan xətt hakimi düz yanında auta çıxan topun kimdən getdiyini görmürsə, ofsayd epizodları düz-əməlli göstərilmirsə, hər fürsətdə dəqiqələrlə VAR-la danışılırsa, işimiz çətindir. Üstəlik, nəzərə alaq ki, VAR-la bağlı iradlar çempionatın ilk oyunundan bu günə qədər səngimir. Əksinə daha da artır, dözülməz həddə çatır.
Biz hakimlərin otaqda nə danışdığını yox, düzgün qərarlar verməsini gözləyirik. Şouya ehtiyac yoxdur. Diqqət hamının işinin bir parçası olmalıdır. Çempionatın ilk gərgin oyununda komandalardan yaxşı mübarizə, xarakter, yeddi qol və sıfır səviyyədə hakimlik gördük. Sonuncunu bir də görməmək ümidi ilə…
Həsən Quluzadə

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43