“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun “Zirə” ilə matçda qovulmasının ardından sonuncu turda köməkçi çalışdırıcı Mübarizə Orucov onun izindən getdi. İki turdur sərgilənən bəlirsiz oyunla bir xal qazanan “kimyaçılar”ın məşqçilər heyəti bu üslubla nəyisə ört-basdır etmək niyyətindədir. Son iki oyunda aşağı səviyyəli, dağınıq və heç bir məşqçi işi görülməyən çıxışın qarşıdakı aqibəti də maraqla gözlənilir.
Kənardakı nizam-intizam problemi meydanın içində də hiss olunur. “Sumqayıt”ın 80 dəqiqəyə yaxın 10 nəfər qalmış “Zirə”yə heç nə edə bilməməsi, evdə “Turan Tovuz”a qarşı iyrəndirən mübarizəsi buna misaldır. Görünür, məşqçilər heyəti də təhlükənin fərqindədir ki, qaçmaq üçün bu varianta əl atır.
Əslində “Sumqayıt”da bu cür futboldan kənar yollar yad deyil. Menecer-prezident Riad Rəfiyevin idarə etdiyi klub bundan artıq heç nə edə bilməz.
İdarəçilik, rəhbər qətiyyəti bütün sahələrdə önəmlidir. Rəfiyev bu məsələdə heç vaxt uğur qazana bilməyib. O, hansısa aşağı səviyyəli futbolçuları Azərbaycan klublarına sıramaqda “usta” olsa da, rəhbər kimi düzgün idarə etmək bacarığına malik deyil. İndiyə qədər heç bir qətiyyəti və ciddi bir uğuru olmayıb.
Elə bu gün “Sumqayıt”da baş verən xaosun, özbaşınalığın əsas səbəbi Rəfiyevin klub daxilində hər hansı bir qətiyyətinin, sözünün kəsərinin olmadığını göstərir. Əgər belə olmasaydı, iki məşqçi də ard-arda vecsiz şəkildə komandasını tək qoyub, hay-küylə meydandan qovulmazdı. Nizam-intizam kollektiv oyunların əsas parçasıdır. Hazırda “Sumqayıt”da baş verənlər Riad Rəfiyevin eyni zamanda klubdakı mövqeyini göstərir. Rəhbər necədirsə, “Sumqayıt” da o vəziyyətdədir.
İdmanxeber.az

