Ölkə futbolu

“Sumqayıt”ı çempionatdan çıxarmaq istədiyimi emosiyalı olduğum vaxt demişəm”

“Sumqayıt”ın prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə oyunun baş hakimi Fariz Yusifovun idarəçiliyindən narazı qalıb.

O, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Hakim bu oyunu pis yox, bərbad idarə etdi. Bu, bizim belə aqibətlə üzləşdiyimiz ilk hal deyil. AZAL-la oyunda da eyni aqibətlə üzləşmişdik. Mən başa düşürəm ki, “Sumqayıt” çempionatın autsayderidi. Amma bu cür yüksək səviyyəli və təcrübəli hakim belə səhvlər buraxmamalıdı. Narazılığımız daha çox Erik Ramosun əllə oynadığı epizodda penalti verilməməsi ilə bağlıdı”.

Onun sözlərinə görə, klub artıq AFFA Hakimlər Komitəsinə öz narazılığını çatdırıb: “Biz təxminən 10 epizodla bağlı videosüjet hazırlamışıq. Hansı ki, hakimlər həmin epizodlarda çox kobud səhvlərə yol veriblər. Bazar ertəsi bunu AFFA İntizam Komitəsinə təqdim edəcəyik. “Sumqayıt”da çalışdığım bu iki il yarım müddətində ikinci dəfədi ki, hakimlərin idarəçiliyindən bu dərəcədə narazı qalıram”.

Quliyev onu da bəyan edib ki, onların bu narazılığının “Neftçi” ilə heç bir əlaqəsi yoxdu: “Neftçi” ilə bizim heç bir problemimiz yoxdu. Bu klubla çox yaxşı münasibətlərimiz var. Heç onların bizdə icarə əsasında çıxış edən 4 oyunçuya bu oyunda iştirak etməyə icazə verməmələrini də şərh etməyəcəm. Mənim yeganə narazılığım hakimlərin idarəçiliyi ilə bağlıdı”.

Oyundan sonra Quliyev “Sumqayıt”ı çempionatdan çıxarmaq istəyini dilə gətirməsinə də münasibət bildirib: “Görünür, hakimlik məni o dərəcədə əsəbləşdirdiyi üçün belə davam edəcəyi halda “Sumqayıt”ı çempionatdan çıxaracağımı demişəm. Siz də məni düzgün başa düşün, nəticələrə görə klub prezidenti kimi məsuliyyət daşıyıram. Bu açıqlamam da emosiyalı olduğuma görə idi. Klubu çempionatdan çıxarmaq barədə qərar yoxdu”.

azerisport


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43