Ölkə futbolu

Tərlan Əhmədov “Neftçi”yə qarşı – İntiqam alınacaqmı ?

Topaz Premyer Liqasının X turunun açılış matçında bu gün “Keşlə” ilə “Neftçi” üz-üzə gələcək. Tərlan Əhmədovun sabiq komandasına qarşı necə bir oyun anlayışı ilə meydana çıxacağı böyük maraqla gözlənilir. Elə ilk oyununda “Qarabağ”dan xal alaraq qarşı tərəfə lazımı mesajı ötürən təcrübəli mütəxəssis bu oyun üçün də xüsusi hazırlaşmaya bilməz. T.Əhmədov ötən tur mətbuat konfransında bu görüşü nəzərdə tutaraq intiqam hissi ilə  yaşamadığını vurğulasa da, gözləri onu əl verərək bu oyunu necə gözlədiyini hiss etdirirdi.

Komandaya gəldiyi ilk gündə arxa-arxaya “Qarabağ” və “Neftçi” ilə qarşılaşacağının fikri təbii ki, ona təsir etməyə bilməz.  Xüsusi ilə də “Neftçi” ilə bu qədər tez qarşılaşmaq istəməzdi. Hər halda komandasının bir qədər də hazır edib, bu oyun  üçün xüsusi motivasiya etməli idi. Ancaq elə ilk oyununda “Qarabağ”dan xal alması oyunçuları və özü üçün də yetərincə motivasiya oldu. Alınan bu bir xal həm oyunçuların özgüvənini qaytardı, həm də Əhmədovu biraz daha ürəkləndirdi.  3 gün öncə qəmli fikirlərə qərq olan mütəxəssis bu gün artıq oyun saatını səbrsizliklə gözləyir.

Lider “Neftçi” isə ötən tur “Qarabağ” zəfəri ilə zirvəni daha da möhkəmlətdiyinin sevinci içərisindədir. Belə qələbələr hər nə qədər oyunçularda yüksək motivasiya yaratsa da, bəzən də arxayınçılıq bəlasına düçar edir. Xatırladaq ki, “flaqman” artıq cari mövsümdə bir dəfə “Qəbələ” matçında bunun acısını yaşayıb. Hər halda istənilən uğurlu və uğursuz nəticədə komandanı hazırlamaq, növbəti oyuna kökləmək baş məşqçi işidir. Bordinin oyunun hər anını yaşayan, yüksək adrenalinli biri olduğunu düşünsək komandanın bu oyuna hazırlıq cəhətdən çətinlik çəkəcəyini demək olmaz. Və ya başqa cür yanaşsaq “Neftçi”nin “Qəbələ” matçından hansı dərslər çıxartdığını bu gün daha yaxşı görəcəyik.

Bütün hallarda saat 17:00-da başlayacaq bu oyun prinsipiallığı və nəticəsinin maraqlı gözlənildiyini nəzərə alaraq turun mərkəzi oyunu adlandırmaq olar.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43