21 İyun 2026
Ölkə futbolu

“Vaxt keçdikcə “Qarabağ” öz oyununu tapacaq”

“Qarabağ”ın növbəti mərhələ üçün şansı var. Bir top fərqi ilə məğlub olmaq o qədər ciddi bir durum deyil. Komanda öz oyununu göstərə bilsə, yaxşı nəticə qazana biləcək. İlk matçda “köhlən atlar” rəqibi çox tanımırdı, ona görə də müəyyən çətinliklər oldu. Ancaq cavab görüşündə fərqli olacaq. Artıq rəqib yaxşı tanınır. Üstəlik evdə, azarkeşin dəstəyi ilə “Qarabağ”ın mərhələ keçəcəyini düşünürəm”.

Bu sözləri idmanxeber.az saytına millimizin sabiq üzvü Rauf Əliyev “Qarabağ” – “Rakuv” cavab qarşılaşmasında təmsilçimizin şanslarını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“Mövsümün əvvəlidi. Belə vaxtlarda komanda öz oyununu göstərməkdə çətinlik çəkir. Təlim-məşq toplanışından dərhal sonra rəsmi görüşlər başladı. Məncə, vaxt keçdikcə “Qarabağ” öz oyununu tapacaq. Transfer məsələsini də qısa vaxtda həll edəcəklərini düşünürəm. Hazırda hədəf “Rakuv”u keçməkdir. Bundan sonra komanda üçün hər şey yaxşı olacaq”.

Əliyev Ağdam təmsilçisinin ən çox müzakirə olunan qapıçı mövqeyi barədə isə bunları deyib:

“Bütün ölkə bu məsələni müzakirə edir. “Qarabağ”a qapıçı lazım olub-olmamasını ən yaxşı məşqçilər heyəti bilir. Klub bu barədə ən düzgün qərarı verməlidir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43