Kateqoriyasız

AFFA yenə “Xəzər Lənkəran”a lisenziya vermədi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, Lisenziya Komissiyasının mayın 16-da keçirilmiş iclasında növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədlərin tamlığını təmin etmək üçün əlavə olaraq 14 gün vaxt verilmişdi. 

Bu gün həmin klublar tərəfindən əlavə verilmiş 14 gün ərzində təqdim olunan sənədlərə baxılıb və klubların lisenziyalaşdırılması üzrə qaydalara (Buraxılış 2015) əsaslanmış müzakirələrdən sonra aşağıdakılar qərara alınıb.

2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Bakı” FK, “Xəzər Lənkəran” FK, “Qaradağ Lökbatan” FK, “Neftçala” FK, “Şərurspor” FK,  “Turan” Tovuz FK və “Zaqatala” FK.

Lisenziya iddiaçıları imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Xatırlatmaq istərdik ki, 16 may tarixində qəbul olunmuş qərara əsasən 2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:

AZAL PFK, “Kəpəz” PFK, “İnter” PİK,  “Qarabağ” FK, “Qəbələ” İK, “Neftci” PFK, Sumqayıt FK və “Zirə” FK.

Qeyd edək ki, Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış hesabat AFFA rəhbərliyinə təqdim olunub. Mövcud vəziyyətlə bağlı yaxın zamanda İcraiyyə Komitəsinin iclasının keçirilməsi və müvafiq müzakirələrin aparılması nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43