İdman

Ansi Aqolli: “Qarabağ”ın futbolçuları isə püşkə görə sevinirlər”

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsində “panorama.com.al” saytına müsahibə verib. Albaniyanın Millətlər Liqasındakı şanslarını dəyərləndirən təcrübəli futbolçu Azərbaycan yığmasından da danışıb.

– Millətlər Liqası yeni turnirdir. Bu, Albaniya millisinin Avropa çempionatına qatılmaq şanslarını artıra bilər?
– Millətlər Liqası Avropa çempionatına birbaşa vəsiqə əldə edilməsi baxımından ölkələr üçün gözəl imkandır. Amma indidən nəsə danışmaq tezdir. Çünki oyunları bir-bir düşünməli və komandanın vəziyyətinə baxmalıyıq.
– Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?

– Qrupumuzda Şotlandiya kimi fiziki cəhətdən güclü yığma və yaxından tanıdğımız İsrail millisi yer alıb. Oyunlar bütün nəticələrə açıq olacaq. Birinci yeri də tuta bilərik. Niyə də olmasın?! Əsas hədəfimiz elə bundan ibarətdir.
– Millətlər Liqasında Azərbaycan Kosovo ilə eyni qrupa düşdü. Azərbaycan millisinin bir çox üzvləri ilə eyni komandada – “Qarabağ”da çıxış edirsiniz. Hətta baş məşqçiniz də Qurban Qurbanovdur. Püşkün nəticələri bilinəndən sonra baş məşqçi sizə nə dedi?

– Hələlik onunla bu barədə söhbətimiz olmayıb. Çünki baş məşqçi püşkatma mərasimi ilə bağlı İsveçrədə idi. “Qarabağ”ın futbolçuları isə püşkə görə sevinirlər. Çünki onlar daha güclü qrupa düşəcəklərini gözləyirdilər. Məncə, çox balanslaşmış qrupdur və oradakı komandaların arasında ciddi fərqlər yoxdur. Hər şeyin ola biləcəyi bir qrupdur.
– Azərbaycan millisi haqda nə deyə bilərsiniz?
– Azərbaycan yığmasını yaxşı tanıyıram. Çünki millinin bir çox üzvü ilə uzun müddətdir “Qarabağ”da birlikdə oynayıram. Xüsusiyyətləri haqda çox şey bilirəm. Yenə deyirəm, bu qrupda istənilən nəticə qeydə alına bilər.
– Kosovo, yoxsa Azərbaycan? Sizcə qrupun favoriti hansı komandadır?

– Bu barədə nəsə deyə bilmərəm. Çünki qarşıda hələ bir neçə ay var. Hər şey komandaların oyun vaxtındakı vəziyyətindən asılı olacaq. 8 ildir Azərbaycandayam və onları yaxşı tanıyıram. Yaxşı komandaları var və ildən-ilə inkişaf edirlər. Bununla yanaşı, Kosovonun da yaxşı kollektiv olduğunu söyləməliyəm. Avropanın səviyyəli çempionatlarında çıxış edən yaxşı futbolçuları var. Bu baxımdan kimin favorit olması ilə bağlı əvvəlcədən bir söz demək çətindir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43