İdman

AZAL fəaliyyətini bərpa etdi: komandanın adı dəyişdirildi

AZAL Peşəkar Futbol klubu fəaliyyətini bərpa edib.

İdmanxeber.com-un məlumatına görə, bununla bağlı klubun saytı bəyanat yayıb.

Mayın 3-də fəaliyyətini dayandırması haqda məlumat yayan klubun bəyanatında bildirilir ki, bu qərar fanatlar, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olmuş və bununla bağlı çoxsaylı müraciətlər edilmişdi.

“Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılmış, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən AZAL klubunun məhz qəsəbənin adını daşıyan “Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb”.

“Şüvəlan” yeni mövsümdə I divizionda təmsil olunacaq. Bildirilir ki, klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək: “Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdi. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43