Ölkə futbolu

“Niyə belə olduğunu özümüz də bilmirik” – “Səbail”in futbolçusu

Misli Premyer Liqasının 32-ci turunda “Səbail” səfərdə “Qəbələ”yə məğlub olub (2:4).

Ölkə kubokunda “qırmızı-qaralar”a iki oyunda da məğlub olaraq turnirlə vidalaşan “dənizçilər” sonuncu sıradan qurtulmaq üçün Qəbələ səfərində mütləq xal qazanmaq istəyirdi. 

Bu səbəbdən də baş məşqçi Şahin Diniyev kubok görüşlərində rotasiya edərək bəzi əsas futbolçulara istirahət imkanı vermişdi. Ancaq təcrübəli mütəxəssisin bu həmləsi də işə yaramadı və nəticədə komandası “Qəbələ” səfərindən xalsız qayıtdı.

Matçın ardından “Səbail”in təcrübəli futbolçuları Ağabala Ramazanov, Mirabdulla Abbasov və Emil Balayevdən komandanın uğursuz çıxışının səbəblərini öyrənmək istəsə də, oyunçular danışmaqdan imtina etdilər.

Klubun mətbuat xidmətdən isə saytımıza bildirildi ki, futbolçulara müsahibə ilə bağlı heç bir qadağa yoxdur. Ola bilsin ki, “Səbail”i çətin durumdan çıxarmağa gücləri çatmayanların danışmağa sözləri də bitib.

Paytaxt təmsilçisinin gənc oyunçusu Elmir Tağıyev isə komanda yoldaşlarından fərqli olaraq idmanxeber.az saytına oyun barədə qısa fikirlərini bildirdi. Görüşə əsas heyətdə başlayıb elə ilk hissədə əvəzlənən oyunçu bunun səbəbini də açıqladı:

“Qəbələ” oyununa yaxşı hazırlaşmışdıq. Məşqlərdə çox istəkli oluruq, amma matçda nəticə başqa oldu. İşlər istədiyimiz kimi getmədi. Niyə belə olur özümüz də bilmirik. Nəticə olmamağının səbəblərini axtarmalıyıq. 

Bu görüşə çox pis başladıq, rahat qollar buraxdıq. İkinci hissə isə komanda özünə gəldi. Təəssüf ki, yenə xal qazana bilmədik. Amma ruhdan düşməyəcəyik, qarşıdakı oyunlara hazırlanacağıq. Sona qədər mübarizə aparmalıyıq. Biz axırıncı yerdə getməyə layiq komanda deyilik. 

Oyundan erkən çıxma səbəbim ilk hissədə sarı vərəqə almağım oldu. Ayrı heç bir problem yoxdu. Baş məşqçimiz belə bir qərar verdi. Qərarına hörmətlə yanaşıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43