Milli komanda

Rahid Əmirquliyev: “Rəşad Sadıqova ehtiyacımız çoxdur”

Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyevin idmanxeber.com saytına müsahibəsi

– Artıq Şimali İrlandiya ilə oyuna saatlar qalıb. Belfastda nəyə ümid edək?

– Belfastda bizi ağır oyun gözləyir. Aydın məsələdir ki, çox güclü rəqibə qarşı mübarizə aparacağıq. Buna baxmayaraq, rəqibi analiz etmişik və oyuna hazırıq. Əlimizdən gələni edəcəyik ki, evə yaxşı nəticə ilə qayıdaq.

– İlk 3 turdan sonra 7 xalla qrup ikincisiyik. Hiss olunur ki, artıq Şimali İrlandiya millisi bizdən çəkinir. Səncə yaxşı nəticə qazanmaq üçün rəqibin bizdən çəkinməsi daha yaxşıdı, ya bizə aşağıdan yuxarı baxması?

– Əlbəttə bu 3 oyundan sonra Şimali İrlandiya bizdən ehtiyatlanır. Ona görə də bizə bugünkü oyunda ikiqat çətin olacaq.

– Belfastda hava yağmurludu. Bu sizin oyununuza necə təsir göstərə bilər?

– Bakıda da yağmurlu havalarda oynamışıq. Demək olar ki, havanın necə olacağının bizim üçün fərqi yoxdur. Bu bizə mane olmamalıdır.

– Ot örtüyü olduqca bərbad duruma düşüb. Bununla bağlı nə deyərdin?

– Yağmurlu havalardan sonra çox da bərbad günə düşməyib. Yenə deyirəm ki, bu amillər bizə mane olmamalıdır. Rəqiblə eyni şəraitdə oynayacağıq, onlar üçün meydan necədirsə, bizim üçün də elədir.

– Rəşadın yoxluğu komandaya nə dərəcədə təsir edə bilər?

– Rəşadın yoxluğu bizim üçün böyük itkidir. O əsl kapitan və liderdir. Bizim həm meydanda, həm də meydandan kənarda ona ehtiyacımız var.

– Komandanı meydana kapitan kimi çıxaracaqsan. Məsuliyyəti dərk edirsən yəqin..

– Əlbəttə məsuliyyəti dərk edirəm. Ancaq bu məsuliyyəti təkcə kapitan yox, bütün futbolçukar dərk etməlidir ki, sonda nəticə yaxşı olsun.

– Artıq klubunda da, millidə də öz yerini bərkitmisən. Rahid Əmirquliyevdən bugünkü oyunda qol gözləyəkmi?

Allaha şükürlər olsun. Zədədən sonra özümə gələ bildim və formaya düşdüm. Əlbəttə bu oyunda qol vurmaq istəyirəm, ancaq bizim üçün kimin qol vuracağının fərqi yoxdur. Əsas odur ki, komanda qalib gəlsin. Yaxşı nəticə ilə Azərbaycan xalqını sevindirmək istəyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43