Müsahibə

“Səlahət Ağayev bezib topu qapıdan çıxartmağa” – MÜSAHİBƏ

"İnter"in futbolçusu Ruslan Əmircanovun idmanxeber.com saytına müsahibəsi. 

– AZAL-ı çətinliklə məğlub edib, 3 xal qazandınız. Oyunla bağlı nə deyərdin?

Həqiqətən gözlədiyimiz kimi çətin oyun oldu. Biz ilk dövrədəki matçda da hesabı açan tərəf idik. Ancaq sonradan 2:1 hesabı ilə məğlub olmuşduq. Bu dəfə isə tam fərqli oldu. AZAL bundan öncəki turda "Neftçi"ni məğlub etməklə nəyə qadir olduğunu bir daha göstərmişdi. Yaxşı ki, erkən qol vura bildik. Onlar bizi topsuz qoyurdular. Təhlükəli epizodlarla bizi narahat edirdilər.

– Komandanın əsas problemi hücum xəttindədi. Ancaq fasilədə də "İnter" bu dərdinə deyəsən dərman tapa bilməyib

Düzdü, ancaq Vaqif Cavadov hücumçu olmasa da bombardirlər cədvəlinə liderlik edir. Əsas odur ki, hər oyunda çalışıb qol vura bilirik.

– Turun ən son oyunu məhz sizin oyun idi. Siz meydana çıxanda nəticələr bəlli idi. Bu sizin oyuna motivasiyanıza necə təsir etdi?

"Bakı" qalib gələrək bizə gəlib çatırdı. Ona görə, biz 3 xal qazanmaqdan başqa bir şey düşünmürdük. Bundan əlavə ilin ilk rəsmi matçında qələbə qazanmaq istəyirdik. "Qarabağ"ın xal itirməsi də bizə əlavə üstünlük verdi. 

– "İnter"in qələbə qolunu sən vurdun. Məşqlərdə cərimə zərbələri üzərində işləyirsənmi?

Məşqlərdə bu yöndə çox çalışıram. Ancaq səmimi deyim ki, məşqdə vurduğum zərbələrdən 10-dan 9-u göyə gedir. Biri qapıya gedə, ya yox. Ancaq oyunda elədi ki, bütün potensialımı ortaya qoyuram və daha təhlükəli olur. Hər məşqdə çalışıram ki, cərimə zərbələri üzərində işləyim. Səlahət Ağayev bezib topu qapıdan çıxartmağa (gülür)

– 1:1 ikən penalti zənn etdiyiniz bir epizodda hakimə kəskin etiraz etdiniz. Əgər qalib gəlməsəydiniz bu etirazlar davam edərdimi?

Yox, düşünmürəm ki bunu belə də böyüdərdik. Fariz Yusifov o epizoda daha yaxın idi. 

– Növbəti tur iddialılar bir-biri ilə qarşlaşacaqlar. Siz isə autsader "Rəvan"la üz-üzə gələcəksiz.

Çempionatda zəif komanda yoxdu. Elə "Rəvan"a yuxarıdan aşağı baxsaq onlar bizi qələbədən məhrum edərlər. Ona görə biz "Qarabağ"la, "Neftçi"ylə oyuna necə hazırlaşırıqsa, bu matça da elə hazırlaşmağa çalışacağıq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43