Kateqoriyasız

Tato: “Niyə bu dəfə “Qarabağ”a qalib gəlməyək?” (MÜSAHİBƏ)

“Zirə”nin yarımmüdafiəçisi Luis Alberto Diez (Tato) Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

– Oyunla bağlı nə deyə bilərsiniz?
– Bərabər səviyyəli oyun oldu. Biz birinci qol vurduq. Amma kobud səhvə yol verdiyimizə görə, öz qapımızda da qol gördük. Artıq bu görüşü unudub, “Qarabağ”la növbəti oyuna hazırlaşmalıyıq.

– Hakim tez-tez oyunu saxlamaqla tempin aşağı düşməsinə səbəb olurdu. Bu, sizin oyununuza nə dərəcədə təsir göstərdi?
– Fikrimcə, hakim oyunu möhtəşəm idarə etdi. Bizim hakimliklə bağlı heç bir iradımız yoxdur. Oyun tez-tez dayandırılsa da, temp kifayət qədər yaxşı idi.

– Meydan sahibləri son dəqiqələrdə fəal hücum edirdilər. Bu, “Neftçi”nin qələbəni daha çox istəməsindən xəbər verir?
– Onların evdə oynadıqlarını nəzərə alsaq, bu, tamamilə normaldır. Bizim də qol vəziyyətlərimiz var idi. “Zirə” də ikinci qolu vura, qələbə qazana bilərdi.

– Birinci dövrədə bu rəqibinizə qalib gəldiyiniz halda, bu dəfə heç-heçəyə razılaşdınız. Bu, “Zirə”nin geriyə addımlamasının göstəricisidir?
– Mən belə deməzdim. Biz bu dəfə səfərdə oynayırdıq. Bir sözlə bu heç-heçəni də komandamız üçün normal hesab edirəm.

– “Zirə” hər oyuna müxtəlif heyətlərlə çıxır. Bu, sizin çıxışınıza mənfi təsir göstərmir?
– Əksinə, bunu müsbət məqam hesab edirəm. Məşqlərdə özünü yaxşı tərəfdən göstərən hər kəs meydana çıxmaq şansı qazanır. Buna görə də məşqçilər hər bir futbolçumuza oynamaq şansı verir.

– Qarşıda “Qarabağ”la oyun var. Siz ilk məğlubiyyətinizi bu komandadan almışdınız. Bu dəfə necə olacaq?
– Hər şey ola bilər. Öz meydanımızda məğlub olmadığımızı nəzərə alsaq, niyə bu dəfə onlara qalib gəlməyək?


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43