30 İyun 2026
Ölkə futbolu

Əhmədov: “Jelezniçar”la oyunda “Neftçi”ni üstün görürəm”

“Neftçi”nin rəqibi zəif deyil. Bosniya və Hersoqovina təmsilçilərinə qarşı oyunlar asan keçmir. “Neftçi”nin Rusiyadakı oyunlarına baxdıq. Komandada baş məşqçi problemi olduğu görünürdü. Artıq bu məsələ həll olunub. Adrian Mutu cavan olsa da, komanda ilə keçirdiyi iki görüşdə də kənarda istəkli idi. Futbol oynatmaq istədiyi hiss olunurdu. Topa sahib olmaq, hücum futbolu sərgiləmək niyyətindədi. Sırf nəticə üçün necə gəldi oynamaq istəmir. Əsasən “Spartak”la görüşdə bunu görmək olardı. Bəzi səhvlər olsa da, bunların zamanla düzələcəyinə inanaq. Mutunun klubu çətin vəziyyətdən çıxaracağına inanıram. Açığı, “Jelezniçar”la oyunda “Neftçi”ni üstün görürəm”.

Bu sözləri idmanxeber.az saytına azərbaycanlı məşqçi Elşad Əhmədov “ağ-qaralar”ın Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bosniya və Hersoqovina klubu “Jelezniçar” görüşü barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis turnirdəki digər təmsilçisimiz “Qəbələ”nin də “Omoniya”ya qarşı şanslarını dəyərləndirib:

“Ötən mövsümkü heyəti qalsaydı, Kipr klubunun rahat keçiləcəyini demək olardı. Həqiqətən “Qəbələ” çox yaxşı, baxımlı oyun göstərirdi. Heyif ki, həmin heyəti saxlamaq mümkün olmadı. Ancaq az vaxtda komandaya bir neçə oyunçu cəlb edilib. Heyətin formalaşmasında çətinlik olacağını düşünmürəm. Çünki transferlərin çoxu Azərbaycan çempionatını tanıyırlar. Yəqin ki, tez uyğunlaşa bilərlər. Etiraf edək ki, “Qəbələ”nin rəqibi çətin komandadır. Məncə, şanslar yarı-yarıyadır”.

Əhmədov ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sabah”ın da şanslarını dəyərləndirdi. O, Latviyanın RFŞ komandası ilə qarşılaşacaq paytaxt təmsilçisinin oyunları barədə bunları dedi:

“Sabah”ın ilk avrokubok ilində yaxşı oyun göstərib, mərhələni keçən klub olmasını istəyirəm. Komandanın “Olimpiakos”la oyununa baxdım. Çox yaxşı görsəndilər. Müdafiədə bir az problem var idi. Orada dəyişikliklər hiss olunurdu. Ancaq yunan klubuna qarşı pis təsir bağışlamadı komanda. Top saxlamaq, hücuma çıxmaq hamısı yaxşı səviyyədə idi. Baş məşqçinin yaxşı komanda qurduğu hiss olunur. “Sabah”ı 60-40-a üstün görürəm. Çünki buna yetəcək gücü var. Bütün komandalarımıza uğurlar arzulayıram. İnanıram ki, azı 2 klubumuz qrup mərhələsinə vəsiqə qazanacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43