28 Dekabr 2024
Ölkə futbolu

Rövnəq Abdullayev: “Final mərhələsi yüksək səviyyədə keçiriləcək”

AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA kuboku turnirinin final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı “affa.az” saytına fikirlərini bildirib.

AFFA prezidenti final mərhələsinin yüksək səviyyədə təşkil olunacağını bildirib.

“Araz” klubunun futzal üzrə UEFA kuboku turnirində final mərhələsinə vəsiqə qazanması bizi çox sevindirdi. Bunu ölkəmizdə futbolun inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirmək lazımdır. Final mərhələsinin oyunlarını Bakıda təşkil etmək istədiyimizi AFFA adından  dərhal UEFA-ya bildirdik.  

Avropa futbol qurumu təklifimizi cavablandırmaq məqsədilə UEFA ekspertlərini paytaxtımıza ezam etdi və onlar AFFA nümayəndələri ilə birgə müvafiq monitorinq apardılar. UEFA İcraiyyə Komitəsinin dekabrın 12-də keçirilmiş iclasında monitorinqlə bağlı hesabat təqdim olunub və sevindirici haldır ki, Avropa futbol qurumunun İcraiyyə Komitəsi futzal üzrə UEFA kubokunun final mərhələsinin Bakıda təşkil olunması barədə qərar çıxarıb.

Bununla əlaqədar olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Təbii ki, belə bir qərarın qəbul olunmasında FIFA U-17 qadınlararası dünya çempionatının 2012-ci ildə ölkəmizdə yüksək səviyyədə keçirilməsi də mühüm rol oynayıb. İnanıram ki, final mərhələsinin oyunlarının keçirilməsi ilə bağlı yaradılacaq UEFA və AFFA-nın təşkilat komitələri  işinin öhdəsindən layiqincə gələcək, “dördlər finalı” yüksək səviyyədə təşkil olunacaq və   ölkəmizin   mötəbər turnirlərə ev sahibliyi etməsinə daha böyük  zəmin yaradacaq”.

Qeyd edək ki, “Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları 2014-cü ilin aprel ayında Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43