Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu “Qəbələ”yə qarşı keçirəcək “Anderlext” azarkeşlərlə görüş təşkil edəcək.
İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, Belçika təmsilçisi qarşılaşma öncəsi yeni transferlərini təqdim edəcək.
Təqdimetmə mərasimi bu gün komandanın son məşqindən əvvəl baş tutacaq. Məşqdən bir neçə saat əvvəldən stadionun qapıları azarkeşlərin üzünə açıq olacaq.
Həmçinin “Anderlext”də sabahkı görüşün hazırlıqları da davam edir. Ancaq “Qəbələ” ilə matça maraq hələlik gözləniləndən zəifdi. Belə ki, son məlumata görə, Avroliqa matçı üçün cəmi 10 min bilet satılıb. Oyunun keçiriləcəyi “Konstant Vanden Stok” stadionunun tutumu isə 28 mindi. Biletlərin qiymətləri 12-25 avro arasında dəyişir.
Qeyd edək ki, sabah baş tutacaq “Anderlext” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

