Milli komandanın AVRO -2020 seçmə mərhələsi çərçivəsində keçirilən matçda Macarıstana məğlub olması azarkeşlərin səbrini tükədib. Macarıstanla qarşılaşmada ölkədə fəaliyyət göstərən bir neçə azarkeş qrupu birləşərək Azərbaycan milli komandasına dəstək olsa da, Slovakiya matçında mənzərə fərqli olacaq.
Belə ki, sosial şəbəkələrdə minlərlə izləyiciləri olan idman səhifələri “affaistefa” adlı haştaq yaradıblar. Onlar futbolsevərləri iyunun 11-i stadiona dəvət edərək, Azərbaycan yığmasının Slovakiyaya qarşı oynayacağı matçda AFFA rəhbərliyini istefaya səsləməyə çağırıblar. Başladılan kampaniya qısa vəxt ərzində geniş kütləyə yayılıb və yüzlərlə azarkeşin təqdirini toplayıb. Qarşılaşmanın vaxtına kimi bu aksiyaya daha bir neçə idman səhifələrinin qatılacağı və oyun günü matçın keçiriləcəyi “Bakcell Arena”da yüzlərlə azarkeşin federasiya rəhbərliyini istefaya dəvət edəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycann – Slovakiya matçı iyunun 11-i saat 20:00-da başlayacaq.