21 Dekabr 2024
Kateqoriyasız

“Futbolçu tayfası çox şorgözdür” – Kəmalə İsmayılova

Bir futbolçu ilə, məşqçi ilə, ya da klub rəsmisi ilə müsahibədən nə qədər zövq almaq olar? Gəlin razılaşaq ki, çox vaxt belə müsahibələr o qədər də səmimi olmur. Amma bu sahənin içində vəzifə, iş sahibi olmayan biriylə müsahibə etsəniz, başqa məsələ. Tanınmış fitness məşqçisi, futbol azarkeşi olan Kəmalə İsmayılova ilə müsahibə də yetərincə maraqlı alındı. “İnstagram”da xeyli izləyicisi olan Kəmalə ilə Azərbaycan futbolunun altını-üstünə çevirdik desək, yalan olmaz. İsmayılova ona eşq elan edən futbolçulardan tutmuş, “Fənərbaxça”ya nifrətindən, “Neftçi”ni sevməməsindən – bir sözlə, çox şeydən danışdı.

– Futbol Kəmalə İsmayılova üçün nədir?

– Futbol mənim üçün sevgi, eşq, həyəcan, nifrət, ehtiras – bütün bunların birləşməsidir. Artıq neçə illərdir ki, özümü futbolsuz təsəvvür edə bilmirəm.

– Bu sevgi necə yaranıb?

– Sevgini yaradan olmayıb, özü özlüyündə yaranıb. Bunu kimsə mənə aşılamayıb. Bir dəfə atam futbol izləyirdi, mən də təsadüfən gəldim, başladım baxmağa. “Qalatasaray”ın matçı idi. Hakan Şükürə vurulmuşdum. Bu, hardasa 2001-ci ildə olub. İlk baxdığım oyun olub bu. O vaxtdan “Qalatasaray” azarkeşiyəm.

– Bəs nəyə görə futbolçu olmağı seçmədin?

– Çünki çox kobudam həyatda. Əslində istəyirdim, bir müddət futzala getdim. Ancaq hər oyun qırmızı vərəqə alırdım. Karate ilə də məşğul olduğum üçün ikisini bir arada edə bilməzdim. Futbola baxmağı seçdim mən də. Mənimki döyüş növləri idi, kimisə döyməli idim.

– “Qalatasaray”da Felipe Melo da çox kobud idi, ancaq oynayırdı…

– Hə, onu da qeyd edim ki, bu kobudluğa görə Melonu çox sevirəm, çox bəyənirəm. Kobudluğuna görə Zlatan İbrahimoviçi də çox xoşlayıram.

– Maraqlıdır, başqasında kobudluğu bəyənirsən, ancaq özün kobud olduğun üçün futbolu seçmədin…

– Futbola daha çox baxmağa üstünlük verirəm. Bunu xoşlayıram. Karate ilə məşğul olduğum üçün də bu idman növü üzrə getmək istədim.

– Deyəsən, Azərbaycanda “Qarabağ”a azarkeşlik edirsən.

– Bəli. Özüm Qarabağ zonasından, Ağdamdanam. Ona görə, “Qarabağ”a azarkeşlik edirəm.

– Səncə, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində “Dundalk”la qarşılaşacağı oyunlarda şansları necədir?

– Şanslarını yüksək qiymətləndirirəm. Hətta deyərdim, “Qarabağ”ı qrup mərhələsində görürəm. Bəlkə də, bunu azarkeş olduğum üçün fikirləşirəm. “Qarabağ”ın potensialını neçə illərdir görürük. Avropada daha çətin rəqiblərlə də qarşılaşıb. 3-cü mərhələni də keçəcəyini düşünürəm. “Qarabağ”ın bu gücü var.

– “Qarabağ” yenə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansa, nə etməyi düşünürsən?

– Əslində, düşünmüşəm, son Çempionlar Liqasının finalında bir xanım alt paltarında meydana çıxmışdı. Bu jesti etmək haqda mən də düşünürəm.

– Bu fikrin sosial şəbəkədə müzakirə oluna bilər…

– Məndə kompleks yoxdur bu barədə. Alt paltarında şəklimi də verə bilərsiniz (gülür).

– Bu ideya Çempionlar Liqasının son finalındakı hadisədən – Kinsi Volanskinin meydana alt geyimində çıxmasından sonra ağlına gəldi?

– Dəfələrlə belə hadisələrin şahidi olmuşam. Ancaq daha çox kişilər belə edirdi. Amma ÇL-in finalındakı xanım məndə daha çox cəsarət oyatdı.

– Bizim meydanlarda belə şeylər görmək çətindir.

– Hər zaman “Xəzər Lənkəran” azarkeşlərini bəyənmişəm. “Qarabağ” azarkeşləri də öz yerində. Ancaq lənkəranlılar həmişə daha çox çılğın olub. “Xəzər Lənkəran” indi olmasa da, daim yaddaşlardadır.

– Əvvəllər “Xəzər Lənkəran”la “Neftçi” arasında güclü rəqabət var idi. İstər azarkeşlər arasında, istərsə də komandalar. Ancaq indiki “Netçi” ilə “Qarabağ”ın rəqabəti o səviyyədə deyil.

– “Qarabağ” məncə, bu klublardan daha üstündür. “Qarabağ”ın Avropadakı çıxışlarından sonra onlarla Azərbaycanda rəqabət aparacaq komanda görmürəm. “Qarabağ” Azərbaycan Premyer Liqasındakı komandalardan 2-3 baş üstündür. Onların rəqibləri Avropa klublarıdır. Bunu sırf “Qarabağ” azarkeşi olduğum üçün demirəm, futbola baxan biri kimi deyirəm.

– Bəs “Neftçi” və “Qəbələ”nin Avropa Liqasındakı şanslarını necə görürsən?

– Düzünü desəm, adıçəkilən klubların növbəti mərhələyə keçəcəyini düşünmürəm.

– Bir az əvvəl futbolda nifrət hissinin də olduğunu dedin. Bir “Qarabağ” azarkeşi kimi, “Neftçi” və ya “Qəbələ”yə qarşı nifrət hissin varmı?

– Əlsində hamısı yerli klublardır. Təbii ki, gizlədə bilmərəm, “Neftçi”ni sevmirəm, ancaq nifrət də etmirəm. “Neftçi”ni sadəcə sevmirəm. Nifrət etdiyim “Fənərbaxça” klubudur.

– “Neftçi” yerli klubdur deyə, nifrət edə bilmirsən?

– Xeyr, bununla bağlı deyil. Sadəcə bəyəndiyim, tanış futbolçular “Neftçi”də oynayır, oynayıblar deyə, nifrət etmirəm.

– Ancaq Premyer Liqada rəqabətin güclü olmaması, “Qarabağ”ın da güclənməsinə əngəl olur…

– Doğrudur, istənilən idman növündə rəqabət yoxdursa, inkişaf olmur. Bəlkə də Premyer Liqamızda rəqabət olsa, “Qarabağ” daha da irəliyə gedə bilər. Özümü “Qarabağ”ın vitse-prezidenti kimi hiss etdim lap. “Qarabağ”dan çox danışdım. Bu müsahibədən sonra gərək Əmrah Çəlikəl məni görüşə dəvət etsin (gülür). Vitse-prezidentlikdən söz düşmüşkən, mən də düşünürəm ki, Azərbaycanda hansısa klubun prezidenti və ya vitse-prezidenti ola bilərəm. Özümdə bu potensialı görürəm. Prezident olaraq çalışanlardan heç də əskik deyiləm.

– Məsələn, “Neftçi”nin prezidenti Kamran Quliyevi əvəzləmək istərdin?

– Kamran Quliyevi? Yox (gülür), Riad Rəfiyevi əvəzləmək istərdim, ya da “Zirə”nin prezidenti yoxdur, orda prezident ola bilərəm.

– “Sumqayıt” və ya “Zirə”də prezident olsaydın, nələri dəyişərdin?

– “Sumqayıt”da Ayxan Abbasovdan başqa hər şeyi dəyişərdim. “Zirə”də də baş məşqçi Samir Abasovu dəyişərdim.

– Samir Abasovun nəyindən xoşun gəlmir?

– Ötən mövsüm “Zirə”nin Azərbaycan Premyer Liqasındakı çox oyununa baxmışam. Düşünürəm ki, futbolçular Samir Abasova baş məşqçi kimi hörmət etmir. Baş məşqçi gərək lider olsun, futbolçular ondan çəkinsin. Götürək “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi, bütün Türkiyə ondan çəkinir. Və yaxud Aleks Ferqyusson, ondan da bütün futbolçular çəkinirdi. Ancaq bunlar Samir Abasovda yoxdur. Bəlkə başqa klubda liderlik edə bilər, ancaq “Zirə”də bunu bacarmır.

– Samir Abasov – Fatih Terim – Aleks Ferqyusson…

– Yəqin Samir Abasov bundan sonra mənə zəng edib, “çox sağ ol” deyər ki, onu Ferqyuson və Terimlə bir sıraya qoymuşam.

– Futbol kolleksiyanda Azərbaycan klublarından hansılarının formaları var?

– İlk növbədə “Qarabağ”ın, köhnə “İnter”in forması var idi, Baçana Tsxadadze hədiyyə etmişdi. Bir də “Zirə”dən var. Onu da o vaxt orda işləyən dostum hədiyyə etmişdi, ancaq indi “Zirə”də deyil.

– Kolleksiyana daha hansı klubların formalarını əlavə etməyi düşünürsən?

– Maykl Essyenin “Səbail” formasını və “Qarabağ”ın yeni formasını istərdim, hədiyyə gələcək.

– Ümumilikdə hansı futbolçularla əlaqələrin var?

– Bir çox futbolçu ilə yaxın münasibətim var, bəziləri ilə də 10 ildən çoxdur dostuq. Arada görüşürük. Bəziləri ilə klublara, “pab”lara gedirik hətta. Bilirəm, klublar belə şeyə görə oyunçuları cəzalandırır. Buna görə də, ad çəkməyəcəyəm. Yaxın futbolçu dostlarım çoxdur.

– Yəqin ki, üstünlük “Qarabağ”lılardadır…

– Yox, deməzdim. Çünki “Qarabağ”lılar bir az ağır təbiətlidirlər, çoxusu dindardır. Digər klublardan da var – “Sabah”dan, “Səbail”dən, ancaq ad çəkməyəcəm.

– Bəs legioner futbolçularla necə?

– Var, hətta karyerasını bitirənlərdən də var. Aleksandr Çertaqanov var idi. Baçana Tsxadadze ilə hələ də münasibətimiz var. Maykl Essyenlə yaxınıq. Bəziləri bizi sevgili kimi qələmə vermişdi, ancaq sadəcə dostuq. Essyen məni “instagram”da izləyəndə şayiələr yayılmışdı. Essyen mülayim, alicənab adamdır. Ancaq bir az qapalı insandır, gecə həyatına üstünlük vermir, gəzintini çox sevmir.

– Yəqin futbolçulardan sənə eşq elan edənlər də olub, hə?

– Oy, çox olub, həddən artıq çox. Futbolçu tayfası çox şorgözdür. Hamısına şamil etmirəm. Buna görə futbolçu sevgilim olmayıb. “İnstagram”da “direct”ə baxıram, 10 mesajdan ikisi futbolçulardan gəlir. Sevgili olmaq istəyənlər çoxdur.

– Futbolçu ilə sevgili olmaq haqda düşünmüsənmi?

– Əslində düşünmüşəm, futbolu sevən biri kimi. Vaxtı ilə bəyəndiyim bir futbolçu da var idi, ancaq münasibət qurmadım, alınmadı. Futbola marağım olduğu üçün belə bir şey ağlımdan keçib.

– Avropada hansı futbolçuları bəyənirsən, hansı ki, təklifinə yox deməzsən?

– Mixael Ballakı bəyənmişəm, uşaqlıq sevgim olub. Bir də Mats Hummels. Çox bəyəndiyim oyunçudur, düşünürəm ki, onunla sevgili ola bilərdim.

– Hər ikisi də alman…

– Almanların azarkeşiyəm (gülür).

– Azərbaycan futbolu haqda nə düşünürsən? Nə olacaq bizim futbolun axırı?

– Düzdür, ölünün arxasınca danışmazlar (gülür). Başdan dəyişikliklər olmalıdır, necə deyərlər, balıq başdan iylənər. Nə vaxta qədər ki, Elxan Məmmədov kreslosundan yapışıb, Azərbaycan futbolunu deyil, kreslosunu düşünəcək, heç nə düzəlməyəcək. İstəyir Nikola Yurçeviç olmasın, Joze Mourinyo olsun. Nə vaxtacan ki, futbolu oyunun iki hissədən və 90 dəqiqədən ibarət olduğunu bilməyən adamlar idarə edəcək, heç vaxt irəliləyiş olmayacaq.

– Problem təkcə budur?

– Yox, problem tək onlarda deyil, sadəcə başda onlar durur. Onlar həll olunmalı, getməlidir ki, futbola yeni nəfəs gəlsin.

– Bəs futbolçularımızın ölkə xaricinə gedə bilməməsi haqda nə düşünürsən?

– Başlıca səbəb, elə özləridir. Azərbaycan futbolçusu çox tənbəl, pulgirdir. Çoxusu belədir. Bunu əminliklə deyə bilərəm. Bəzilərinə sual vermişəm ki, niyə xaricə getmirsən? Deyirlər ki, burda pul qazanıram, ailəmin yanındayam. Əlbəttə, bahalı avtomobillər altlarında, həftəsonu klublarda. Xaricdə bu şərait olmayacaq axı. Burda rahat pullarını qazanır, istədikləri yerə – qızlara, klublara xərcləyirlər. Ancaq xaricdə bu olmayacaq. Mənə bəyəndiyim futbolçunu soruşanda, Ramil Şeydayevi deyirəm fəxrlə. Ona rəğbətim var. Yaxşı çalışır, mübarizə aparır. Heç bir azərbaycanlı futbolçu, yəni çoxusu tanınmış olmaq istəmir. Hamısı imkanlı, pullu olmaq istəyir. Obyekt açsınlar, bahalı maşınları olsun, klublarda əylənsin. Azərbaycanlı futbolçuların görmək istədiyi budur. Tanınmış deyil, imkanlı olmaq istəyirlər.

– Qısacası, rahatlığı seçib, 90 dəqiqəni yola verirlər?

– Elədir. Heç kim öz üzərində çalışmır. Bir dəfə futbolçunun birinə sual verdim ki, “içki, qəlyan mane olmur sənə”. Deyir ki, biz də insanıq, Ronaldo bunu etdi, Bekhem belə yaşadı… Özlərini elə futbolçularla müqayisə edirlər ki, yəni, çox gülüncdür. Bu, bütün futbolçulara şamil olunmur. Məsələn, Rəşad Sadıqov, bunları ona aid edə bilmərəm. Çox çalışır. Bu qədər yaşı olmasına baxmayaraq, çox cavan oyunçudan yaxşı formadadır.

– Yeni mövsümdə Premyer Liqadan gözləntilərin nədir?

– “Qarabağ” çempion, “Səbail” 2-ci, “Qəbələ” 3-cü olsun, Kəmalə də “həppi” olsun (gülür). “Sabah” 4-cü, “Zirə” 5-ci, “Neftçi” 6-cı, “Sumqayıt” 7-ci, “Keşlə” də sonuncu olsun.

– Essyenə görə “Səbail”in ikinci olmasını istəyirsən?

– Bəli, üstünlük buna görədir. Ancaq Ağabala Ramazanov da var. Onu da çox bəyənirəm, istedadlı futbolçudur.

– Sonda, Azərbaycan milli komandasının Uels və Xorvatiya ilə oyunları haqda nə düşünürsən? Nəhayət, sevinə bilərik?

– Məncə, bunu Elxan Məmmədov, Rövnəq Abdullayev, sonda da Nikola Yurçeviç düşünsün. Fərli nəticə gözləmirəm.

Mənbə: komanda.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43