08 İyun 2026
Ölkə futbolu

Emil Balayev: “Bizi maraqlı, sağlam rəqabət gözləyir”

“Neftçi”nin yeni transferi Emil Balayev klub kanalına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı qapıçı “ağ-qaralar”da keçirdiyi ilk dönəmi xatırlayaraq, tarixi uğura imza atdıqlarını bildirib:

“Neftçi”nin akademiyasında böyümüşəm, əsas komandasında yer almışam. Buna görə də, komandaya qayıdanda məndə nostalji hisslər yarandı. “Neftçi”də olduğum ilk dönəmdə Azərbaycan futbol tarixində yeni səhifə açdıq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bundan sonra 15-20 il də keçsə, bunlar əvəzolunmaz hisslərdir”.

“Neftçi” ilə 2 illik müqavilə imzalayan Azərbaycan millisinin qolkiperi onu İvan Brkiç, Aqil Məmmədov və Rza Cəfərovla maraqlı mübarizə gözlədiyini söyləyib: “Belə səviyyəli qapıçılarla bir yerdə məşq etmək mənim üçün də xoşdur. Bizi maraqlı, sağlam rəqabət gözləyir. İlk növbədə bir-birimizə həm qardaş, həm də yaxşı insan kimi münasibət göstərəcəyik”.

Qeyd edək ki, 2011-ci ildə “Neftçi”nin əsas komandasına cəlb edilən Emil Balayev başqa klublarda icarə əsasında oynadığını nəzərə almasaq, 2015-ci ilə qədər bu komandada çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43