30 İyun 2026
Ölkə futbolu

Baş məşqçi: “Rakuv”un əsl gücünü göstərməyə çalışacağıq”

Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə,  33 yaşlı mütəxəssis Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib. O, mərhələ adlamaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

“Avrokuboklarda üstünlükləri və təcrübəsi böyük olan güclü rəqiblə qarşılaşacağımız üçün şadıq. “Qarabağ” uzun müddətdir ki, konkret oyun modelində fəaliyyət göstərir. Ancaq biz də “Rakuv”un əsl gücünü göstərməyə çalışacağıq. DNT-mizi, keyfiyyətimizi, güclü tərəflərimizi göstərmək istəyirik. İki oyunluq mərhələdə qalib gəlmək imkanımızın olacağına inanıram”.

Şvarqa yanvarda Antalyada “Qarabağ”la yoxlama görüşü keçirdiklərini və 3:0 hesablı qələbə qazandıqlarını xatırladıb: “Qarabağ”la keçirdiyimiz yoxlama görüşü rəqibin keyfiyyətini görmək imkanı verdi. Təhlillərə ehtiyac var. Bu, nəticə çıxarmağa imkan verir. Meydanda rəqabət aparanda rəqib barədə tam təsəvvür yaranır”.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43