Çempionlar Liqası hədəfi bütün problemlərin səbəbi kimi görünür. Əgər “Qarabağ” rəhbərliyi və baş məşqçi Qurban Qurbanov dəfələrlə bu turnirdə olmaq istədiklərini deməsəydi, bu gün daha fərqli mənzərə yarana bilərdi. Düzdür, bu səfər də asana qaçmaq, əvvəlcədən siğortalamaq kimi yanaşanlar olacaqdı.
Bu gün növbəti dəfə “Qarabağ”/futbol müzakirəsi ilə toplumun dibinə enmək fürsəti yaranıb. Zülmətin içinə qərq olanlar, qaranlıqda itməkləri azmış kimi, əllərində də daşla gəzirlər. Ümumiyyətlə, kütlə qurmaqdan, yaratmaqdan yana olmur. Tarixin göstərdiyi qədəri ilə qaragüruh camahat ancaq yıxır, məhv edir və söyür. Bütün bunların arxa planında isə ən hiyləgər adamların peşəkarcasına yararlandığı yalançı millətçilik ideyası durur ki, cəmiyyət buna çoxdan yoluxub. Bilərək və ya bilməyərək bu küyə uyan minlərcə insan var. Məsələn, təmsilçimizin dünənki çıxışından sonra “Azərbaycanın adını batırdılar” şərhləri beyin yandıran mövqedir. Bu fikri yazanlardan/yayanlardan mütləq uzaq durulmalıdır. Təhlükəlidirlər! Ən böyük problem də məhz elə onlardır!
Azərbaycanda futbolun var olduğuna bütün Avropanı inandıranlara qarşı belə mövqe qoymaq, hansı “level” düşüncədir baş açmaq çətindi. Kin, nifrət, tənqid, səmimi fikir hər şey bir-birinə qarışıb. Ayırd etmək çətindi, düzəltmək mümkünsüz.
Mövzü Qarabağdı, yoxsa “Qarabağ”dımı bilmək olmur. Səbrli olun, silahları yerə qoyun, sakit qalın. Faciə yoxdur. Qarabağ probleminin böyük hissəsi necə həll edilibsə, “Qarabağ”dakı məsələlər də yoluna qoyular.
Hansı problemlər? Məsələn, Çempionlar Liqası hədəfi ilə yola çıxan komanda Juninyo adlı bir futbolçunu heyətinə qatır. Videolardan, köhnə oyunlardan kifayət qədər keyfiyyətli olduğu görünür. Ancaq əsas hədəf uğrundakı döyüşlərdə ortada yoxdur. Niyə? Hazır deyil! Bəs, niyə burdadır?! Məgər alınanda “Qarabağ”ın hansı turnirdə oynayacağı bəlli deyildi? Yoxsa ötən mövsüm “Zirə” ilə Premyer Liqada yaxşı çıxış edən Keytanın bəs ediləcəyi düşünülüb? Aşağı-yuxarı hər oyun səhv edən Şahruddin necə? Ötən mövsüm 40-dan çox qol vuran iki hücumçunun yeri də hələ boşdu. Və biz Çempionlar Liqasına gedirik?! Gedə bilməzdik, getmədik.
Bu da olar. Faciə deyil. Biz Avropa Liqasının, Konfrans Liqasının qrup mərhələsini bəyənməyəcək səviyyədə deyilik. Adı çəkilən turnirlər ölkə futbolumuzun səviyyəsinin çox üstündədir. Nə edəsən ki, “Qarabağ” bizi avrokuboklara elə öyrəşdirib ki, hələlik qiymətini bilmirik. İllərdir bu komanda Premyer Liqa matçlarında boş tribunalar önündə oynayır. Məsələ küsməkdirsə, bu, qətiyyən tərəfdarlarda olmamalıdır.
Azarkeşlər barışmaz mövqe ortaya qoymasınlar. Avrokubok oyunları hələ qarşıdadır. “Qarabağ”ın Avropa yolculuğundakı mövsümü HİK görüşü ilə başlayacaq. Komanda da, tərəfdar da buna hazır olmalıdır.
Həsən Quluzadə