“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”.
İdmanxeber.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Belarusun paytaxtı Minskdə təşkil olunacaq II MDB Oyunları barədə danışarkən deyib.
Mütəxəssis Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında turnirdə uğurlu çıxış üçün əllərindən gələni edəcəklərini bildirib. Baş məşqçi rəqibləri də dəyərləndirib: “Rusiya və Belarus turnirin favoritləri hesab olunurlar. Özbəkistan yığması da son illərdə inkişafdadır və demək olar, iddialılardandır. Qırğızıstanın oyunu haqda hələlik məlumata sahib deyiləm. Onlar bizdən sonra çıxış edəcəklər. Yəni matçlarını canlı izləyib, məlumat toplayacağam. Təbii ki, rəqiblərimiz fərqlənsələr də, əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğur qazanaq. Ona görə də sona qədər “vuruşmalıyıq”. Bu cür turnirlər həm də gənc futzalçıların təcrübə toplamaları, beynəlxalq oyun praktikası qazanmaları baxımından vacibdir”.
İlqar Aslanov hazırda Minskdə olan kollektivdə əhvali-ruhiyyənin yüksək olduğunu vurğulayıb: “Turnirə normal hazırlaşmışıq. Təlim-məşq toplanışı keçirməsək də, gündəlik məşqlərlə bu boşluğu kompensasiya etməyə çalışdıq. Heyətimizin əksər üzvü martda U-19-ların Avropa çempionatının əsas mərhələsində, eləcə də, Yüksək Liqada iştirak edən futzalçılardır”.
Qeyd edək ki, Azərbaycanın U-19 millisi II MDB Oyunlarında ilk oyununu avqustun 7-də Belarusa qarşı keçirəcək.