“Təbii ki, “Qarabağ”la ilk oyunda səfərdə qarşılaşmaq istəməzdik. Uğurlu alındı. İdeal formada deyilik. Amma oyun bizim üçün uğurlu getdi. “Qarabağ”da heyətdə dəyişikliklər var. İlk yarıda daha inamlı oynadıq. Fərqləndikdən sonra “Qarabağ” dəyişikliklər etdi və hücumlara getdi. Daha çox mübarizə aparıb əks-hücumda rəqibi gözləyirdik. Əks-hücumlarda effektiv ola bilmədik. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. Narahatlıq var idi ki, 70-ci dəqiqədən sonra çatdırmarıq. 4-5 turdan sonra ideal fiziki formada olacağıq. Amma oyunçularım xarakter göstərdilər. Təbrik edirəm onları”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ” oyununun ardından mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:
– Ruan Renato ən yaxşı transferlərdən biri hesab edilir. Müdafiə düzəlib, hücum haqda hansı fikirdəsiz? Hücumçuya ehtiyac var?
– Toplanış zamanı 2 hücumameyilli oyunçu zədələndi. Rəhim Sadıqov da zədələnib. Onu daha çox sol cinahda oynadacağıq. Eldar Quliyevi o mövqedə oynatdıq. Hücum xəttində oyunçuya ehtiyac var. Ruan da yaxşı oynadı. Onun liderlik keyfiyyətini görürdüm. 100 futbolçudan birində olur. Ruan məşqdə, oyunda futbolçuları motivasiya etməyi bacarır. Bu da effektini göstərir. Hücumda güclənmək istəyirik. Zaman göstərəcək.
– Keçmiş komandanızı uddunuz. Məyusluq var?
– Məyusluq deməzdim. Aşırı şəkildə sevinc də yoxdur. Biz yaxınıq, münasibətlərimiz hamıya bəllidir. Amma hər zaman çalışrıq ki, ədaləti qoruyub-saxlayaq. Əvvəl də belə olub, indi də elə olacaq. Oyundan əvvəl bir-birimizə uğurlar arzulayırıq. Sona qədər də belə olacaq.
– Çempionatın maraqlı olacağı gözlənilir. Siz necə düşünürsüz?
– Hamımız düşünürük ki, bu mövsüm bəlkə də son illərin ən gərgin liqası olacaq. İlk turlar da bunu göstərir. Məncə, hamı üçün maraqlı olacaq. İstərdim ki, prosseslər ədalətli şəkildə getsin. Hakimlərin boynuna böyük yük düşəcək. Gərginliyi yatızdırıb, oyunu ədalətli idarə etmək lazımdır. İşləri asan olmayacaq. Çox gərgin və maraqlı olacaq.