07 İyul 2026
Ölkə futbolu

“Yusif İmanovun səhvləri üzərində işləyəcəyik”

“Partizan”la oyunda Yusif İmanovun performansından razı qaldım. Səviyyəli oyun keçirdi, bir neçə epizodda komandaya kömək etdi. Səhvlər hər kəsdə olur. Bu, qaçınılmazdır. Belə hallar gənc və ya təcrübəli qapıçıların da başına gələ bilər. Yusifin etdiyi səhv taktiki xarakter daşıyır. Bunu üzərində işləyəcəyik ki, təkrarlanmasın”.

Bu sözləri idmanxeber.az saytına “Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov komandanın qolkiperi Yusif İmanovun UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyununda “Partizan”a qarşı görüşdəki performansı barədə danışarkən deyib. O, daha sonra belə davam edib: 

“Bu gün avrokuboklarda 20 yaşında neçə qapıçı oynayır? Bu, İmanov üçün böyük təcrübədir. Yavaş-yavaş inkişaf edəcək. Gənc futbolçuların oynaması Azərbaycan futbolunun inkişafı baxımından vacibdir. Ümumən belə görüşlər hamımız üçün təcrübədir. Biz avrokuboklara ilk addımımızı atdıq. Artıq nə etməli olduğumuzu yaxşı bilirik və onun üzərində çalışacağıq”.

Kovalyov “Partizan”la görüşdə penaltilər seriyası zamanı qapının arxasına getməsinə də münasibət bildirib:

“Həmin an qapının arxasına getdiyimi hər kəs gördü. Ancaq mən ora Yusifə nəsə demək üçün yox, kamera ilə bağlı yaranan texniki problem üçün yollanmışdım. Bunu rəqibin məşqçilərinə də izah etdim”.

Təcrübəli məşqçi “Sabah”ın yeni qolkiper axtarışında olub-olmadığı barədəki suala isə belə cavab verdi: “Xeyr, yeni qapıçı axtarmırıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43