15 İyul 2026
Ölkə futbolu

Ssenari eyni, rollar fərqli – TƏHLİL

“Turan Tovuz”un evdəki məğlubiyyətini ötən tur “Kəpəz” qələbəsindən ehtimal etmək olardı. Qərb bölgəsi təmsilçisi Gəncədə rəqibindən üstün oyun sərgiləməməsinə rəğmən, meydandan 3 xalla ayrıldı. Bu, komandanın qalibiyyəti haqq etmədiyi anlamına gəlmir. Daha dəqiq desək, Ayxan Abbasov “Kəpəz”in problemlərini yaxşı analiz etmiş və bundan maksimum yararlanmışdı. İlk dəqiqələrdən vurulan qol da görüşün taleyini həll etmişdi. Qısacası, “Turan Tovuz” ağıllı oyunu ilə Gəncə təmsilçisini üstələmişdi.

Maraqlıdır ki, həmin oyuna bənzər ssenari Tovuzda baş tutdu. Bu səfər rollar dəyişmişdi. Ağıllı oyun növbəsi “Səbail”də idi. Şahin Diniyevin görüşə komandasını yaxşı hazırladığı matçın əvvəlindən bəlli oldu. Tovuz klubunun möhtəşəm azarkeş dəstəyi ilə ilk dəqiqələrdən irəli atılma cəhdi alınmadı.

Buraxılan 3 qol diqqətləri yalnız müdafiəyə çəkməməlidir. “Səbail”ə qarşı oyunda komandanın mərkəz və hücum xətti kifayət qədər zəif təsir bağışladı. Xəyal Nəcəfov ümumiyyətlə, meydanda görünmədi. Piruzi Marakvelidze isə ilk hissədə qapıya dəqiq olan bir zərbə ilə yadda qaldı. O da Səlahət Ağayevin üzərinə. Hər iki oyunçudan da gözlənilən yaradıcılıq, müdafiəni çətinə salacaq həmlələr yox idi. Xəyal meydanda sərbəst oynamaq öhdəliyini üzərinə götürsə də, “Səbail” futbolçularının arasında itib-batdı. İlk hissədə geriyə düşdükdən sonra “Turan Tovuz”un ciddi təzyiqi olmadı. Bunun ən birinci səbəbi cinahlardan oyuna qoşulmalı olan Sertan Taşkın və Denis Marandiçinin passiv qalmasıdı. Taşkın ümumiyyətlə, sağ cinahda rəqibin xeyrinə çıxış edirdi. Oyun ərzində cinah oyunçusu kimi rəqib cərimə meydançasına bir dənə uğurlu ötürmə etmədi. Ancaq sadə top itkiləri və mövqe səhvləri ilə yadda qaldı. Maraqlıdır ki, matçı tamamən bərbad keçirən oyunçu 70-ci dəqiqədə – hesab 2:0 olanda əvəzləndi. Görünür, Abbasov ona toparlanması üçün ikinci hissədə də şans vermişdi. Ancaq alınmadı…

Hücum xəttinin qol ümidlərindən Fərid Nəbiyevin də çıxış müzakirə olunmalıdır. Futbolçu heç bir ikili mübarizədən qalib ayrıla bilmir. Düzdür, komanda “Səbail”ə qarşı kollektiv hücüm problemi yaşayırdı. Amma Nəbiyev ən azından top saxlamağı bacarmalı, bəzən driblinqlə zona boşaltmalı, epizod yaratmalıdır. “Turan Tovuz”un heyəti ulduzlarla dolu deyil ki, daim Nəbiyevi qapıçılarla üzbəüz çıxarsınlar o da fərqlənsin. Fərid özünü asan oyuna alışdırmasın. Hücum xəttində yer almaq mübarizə aparmamaq demək deyil. Bu mövqedəki futbolçular çətin durumlarda rəqib müdafiəsinin yanında gizlənməməli, davamlı pressinqlə onların hücum qurmasına mane olmalıdır. Futbolda “top gəlsin, vurum” dövrü geridə qalsa da, azərbaycanlı oyunçu hələlik buna alışa bilməyib. Onsuzda hazırki fiziki gücü ilə bunu bacarması mümkün deyil.

Örnək olaraq komanda yoldaşı Martin Petkova baxa bilər. İkisi arasında böyük səviyyə fərqi olduğu aşikardır. Petkovun mərkəzdə necə top istədiyi, hətta bəzən cinahlara enib oyunu yönləndirdiyinə diqqət etmək lazımdır. Əsas heyətdə meydana çıxırsansa, oyun alınmasa belə mübarizədə qüsur olmamalıdır.

Ayxan Abbasov bu məğlubiyyətdən lazımi dərsləri mütləq çıxarmalıdır və böyük ehtimal çıxaracaq. Əgər bir oyunda bütün mövqelər axsayırsa, komandaya ciddi xəbərdarlıq lazımdır. Ki, heç kim heyətdəki yerini daimi görməsin, vazkeçilməz ab-havasına qapılmasın.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43