11 İyul 2026
Ölkə futbolu

Canni De Byazi: “Sizin yerinizdə olsaydım, belə oyun gördüyüm üçün sevinərdim”

“Bu gün çox ağır oyun oldu. Buna baxmayaraq, 90 dəqiqə yaxşı mübarizə apardıq. Ağıllı oyun sərgilədik. Çox şeyi inkişaf etdirməliyik. Topu hara gəldi qabağa vurmamalıyıq. İmkanlardan yararlanmağı bacarmalıyıq. Belə rəqiblərə qarşı epizodlardan istifadə etmək lazımdır. Komanda yaxşı oyun göstərdi, daha da yaxşısını edə bilərdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millinin baş məşqçisi Canni De Byazi Belçika məğlubiyyəti sonrası mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra belə davam edib:

“Meydana sonradan daxil olanlar da işlərini gördülər. Çıxanlar isə yorğun idi. Ümumilikdə hamıdan razı qaldım. Futbol adamları bilir ki, belə oyunlarda sonradan meydana daxil olanlar dərhal uyğunlaşa bilmir. Amma oyunçular pis çıxış etmədi. Əvəz olunanlar pis oynadıqları üçün yox, yorulduqlarına görə çıxdılar. Komandaya yeni güc gəlsin deyə, əvəzləmələr etdik. 

Amin Seydiyev bizlə bərabərdir. Bu oyunda onu seçmədim. Çünki başqa oyunçular lazım idi. Rahil Məmmədov isə təcrübəli oyunçudur, bu gün hava toplarında bizə kömək etdi. Təcrübəsi bizə çox yardımcı oldu.

Sizin yerinizdə olsaydım, belə oyun gördüyüm üçün sevinərdim. Göstərdik ki, Belçikaya qarşı başa-baş mübarizə apara bilirik. Milli komandaların bir yerdə məşq etməyə çox vaxtı olmur. Avstriya və İsveç oyunlarında da aramızda çox böyük səviyyə fərqi yox idi. Sadəcə, biz onlara hədiyyələr etmişdik. Nəzərə alın ki, çox güclü rəqiblərə qarşı oynayırıq”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43