“Daha öncə də dediyimiz kimi, “Karvan” görüşünün baş hakimi Rövşən Rəcəbovdan AFFA-nın rəhbəri Rövnəq Abdullayevə, baş katib Sərxan Hacıyevə və PFL-in prezidenti Elxan Səmədova şikayət məktubu ünvanlamışıq. Bu hakimin oyunlarımıza təyin olunmasını istəmirik və qəti şəkildə qəbul etməyəcəyik. Əgər Rəcəbov yenidən “Mingəçevir”in görüşünə təyin edilsə, reaksiyamız sərt olacaq. Bu adam bizə qarşı qərəzlidir və Mingəçevir futboluna qənim kəsilib. Şikayətimizin nəzərə alınacağına ümid edirik. Hələlik müraciətimizə cavab gəlməyib”.
Bu sözləri İdmanxeber.az saytına Azərbaycan I Liqasında mübarizə aparan “Mingəçevir” klubunun idarə heyətinin sədr müavini Ruslan Həmidov çempionatın ilk turunda “Karvan”a qarşı matçı idarə edən baş hakim Rövşən Rəcəbov barəsində danışarkən deyib. O, daha sonra “Nur şəhəri” təmsilçisinin I Liqadakı hədəfindən də söz açıb:
“Biz çempionatda 5-6-cı yerlər üçün mübarizə aparırıq. Çempionluq məqsədimiz yoxdur, amma daima iddalı yerlər üçün döyüşəcəyik. Bizim çempionluğa oynamaq gücümüz yoxdur. Baş məşqçimiz də hədəfimizdən xəbərdardır. Düzdür, “Azerlotereya” ilə əməkdaşlıq müqaviləsi bağlamışıq. Ondan başqa yerli bir neçə iş adamı da o qədər də böyük olmayan məbləğlə kluba dəstək olur. Ən azından köməklik edirlər. Çalışırıq ki, daha yaxşı nəticələr qazanaq”.
Həsən Quluzadə

