15 İyul 2026
Dünya futbolu

“Qol vurduqca özünəinam artır, vurmayanda bir qədər aşağı düşür”

İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “expressen.se” saytına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu ölkə çempionatında meydana çıxdığı 7 oyunda cəmi 2 qol vurmasına görə ciddi narahatlıq keçirmir. O, daha yaxşısını etməyə çalışdığını söyləyib:

“Bilirəm ki, insanlar özlərinə təzyiq göstərməyə çalışırlar. Ancaq mən, sadəcə, öz işimi görürəm. Burada əlimdən gələni edirəm. Bilsəm ki, daha çoxunu verə bilərdim, oyunlarda bundan çox qaçardım”.

Buna baxmayaraq, Azərbaycan millisinin üzvü oyununu yaxşılaşdırmalı olduğunu etiraf edib: “Əminəm ki, bunu bacaracağam. Hücumçu olduğum üçün qol vurmalı və məhsuldar ötürmələr verməliyəm. Matçlardan əvvəl bacardığım qədər hazırlaşıram. Nə qədər çox oynasam, performansım bir o qədər yaxşılaşacaq. İsveç futboluna öyrəşirəm. Söhbət təkcə meydanda sərgilənən 90 dəqiqədən getmir. Yaşamaq, yemək, yatmaq, məşq etmək də bura aiddir. Doğru yolda davam etsəm, hədəflərimə çatacağam”.

M.Qurbanlı qol imkanlarından yararlanmamağın onda ruh düşkünlüyü yaratdığını gizlətməyib: “Bütün hücumçularda belədir. Qol vurduqca özünəinam artır, vurmayanda bir qədər aşağı düşür. Bu, normaldır. İki həftə əvvəl 2 qol vuranda özünəinam yüksək idi. Son matçlarda qol vurmamağım buna mənfi təsir göstərir”.

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43