Azərbaycan II Liqasında çıxış edən “Cəbrayıl” komandası ölkə kubokunun I təsnifat mərəhləsində səfərdə “Ağdaş”ı məğlub edib. 90 dəqiqəsi qolsuz bərabərliklə davam edən görüşdə Qarabağ klubu əlavə vaxtlarda 2:0 hesabı ilə rəqibini məğlub edərək, növbəti mərhələyə yüksəlib.
Həmin oyunla bağlı və ümumən “Cəbrayıl”ın hədəfləri barəsində komandanın məşqçisi, millimizin sabiq futbolçusu Elhad Nəziri ilə söhbət etdik.
– Ölkə kubokunda növbəti mərhələyə yüksəldiniz. “Ağdaş”la oyun necə keçdi?
Qarşılaşma bizim üçün çox çətin oldu. Meydançanın bərbad vəziyyətdə olmağı futbolçuların yaxşı oyun göstərməsinə mane olurdu. Ancaq başqa çarə yox idi. İstənilən vəziyyətdə Ağdaşa qələbə üçün getmişdik. Bunu da bacardıq. Futbolçuları təbrik edirəm.120 dəqiqə meydanda xarakter göstərdilər, canlarını qoydular. Məşqçilər heyətinə sinaq verdilər ki, növbəti mərhələni istəyirik. Oyunun əlavə vaxtlara getməsinin ən başlıca səbəbi meydança amili idi. Əgər meydan yaxşı durumda olsaydı, oyun bu qədər uzanmazdı.
– Oyunun əlavə vaxtlara getməsini sırf meydançanın durumu ilə bağlayırsınız. Ola bilər ki, rəqibin çempionatda zəif çıxışı sizdə arxayınlıq yaradıb?
Açığı, bütün matçlara eyni hədəflə yanaşırıq. Baş məşçqi Caavid Hüseynovla da hər zaman bu barədə danışırıq. İstəyirik ki, öz oyun planımıza uyğun çıxış edək. Komanda 12 oyun keçirib bu mövsüm. Amma deyim ki, ən yaxşı xarakter göstərdiyimiz oyun “Ağdaş”la oldu. Çünki 120 dəqiqə eyni tepmdə, eyni təzyiqdə oynadıq. Meydanın vəziyyətdən asılı olmayaraq görüşün penaltilər seriyasına getməsinə izin vermədik. Çünki penaltilər “lotereya” kimidir. Hər iki komanda da qalib gələ bilərdi.
Komandamızı yaxşı tanıyırıq, “Ağdaş”la da çempionatda oynamışdıq, güclərinə bələd idik. Meydançanın bərbad vəziyyətdə olması oyunçuların tapşırıqları yerinə yetirməsinə mane oldu. Bu səbəbdən də hava topları ilə nəticə qazanmağa çalışdıq. Hər hansı bir arxayanlıq, rəqibə hörmətsizlikdən sözhbət gedə bilməz. Ağdaşda ən yaxşı oyunumuzu göstərdik.
– Komandanın baş məşqçisi Cavid Hüseynov Ağdaşa gəlməmişdi. Səbəb nə idi?
Baş məşqçimiz Gürcüstanda məşqçilik kursunda idi. Bilirsiniz ki, Cavid müəllim A kateqoriyasını oxuyur. Bu səbəbdən də Ağdaşa gələ bilmədi. Amma oyunu canlı izləyirdi. Ara-sıra telefonla öz məsləhətlərini də verdi. Çatışmayan şeyləri bizə bildirirdi. Çox şükür ki, onun olmaması futbolçulara pis təsir etmədi.
Növbəti turda sizi daha güclü rəqib – MOİK gözləyir. Bu oyunda mərhələ keçmək gücünüz var?
Bu görüşün daha çətin olacağını bilirik. MOİK çox yaxşı komandadır. Hazırda I Liqada liderlər sırasındadı. Futbolçular, məşqçilər olaraq biz Xankəndində “Qarabağ”a qarşı oynamaq istəyirik. “Cəbrayıl” adı ilə bunu bacarmaq bizim üçün möhtəşəm olar. Komanda üçün əlavə motivasiyadır. Amma bizim üçün ən vacibi çempionatdır. Bu səbəbdən də “Ağdaş”la oyunda bir-iki futbolçunu saxladıq ki, zədə olmasın.
– Hazırda klubda maddi vəziyyət və ümumi hədəf nədir?
– Hədəflər barədə danışmaq hələ çox tezdir. Böyük məqsədlərimiz var. Çempionatın sonunda bəlli olacaq hər şey. Maddi durum, şərait hər şey əla səviyyədədir. Oyunçuların maaşında, premyasında heç bir problem yoxdur. Həftədə 5 dəfə məşq edirik. Premyer Liqa və I Liqa klubları hansı şəraitdədirsə, bizdə də eyni durumdu. Rəhbərliyimiz və “Cəbrayıl”a sponsorluq edən şəxslər sağ olsunlar ki, bizə belə bir şərait yardıblar. Ümid edirəm ki, əziyyətimiz yerdə qalmaz.
Həsən