22 İyul 2026
Ölkə futbolu

Şahin Diniyevi qardaşı oğlu xilas edib?

“Kəpəz” oyunu ilə uğursuz gedişata son qoyan “Səbail” (4:1) fasilədən sonra ilk qələbəsini qazanıb. Bu üç xalla “dənizçilər” həm turnir cədvəlindəki yerini qoruyub, həm də Şahin Diniyevi xilas edib.

Belə ki, “Səbail” rəhbərliyi təcrübəli mütəxəssisə “Kəpəz” görüşü də daxil olmaqla qarşıdakı iki oyundan 4 xal qazanmasını tapşırıb. Əks təqdirdə Bakı klubu Diniyevlə yollarını ayıracağını bildirib. “Səbail” Gəncə təmsilçisinə qalib gəlməklə tapşırığın əsas hissəsini yerinə yetirib.

Ancaq sözügedən matçla bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Belə ki, “Kəpəz” – “Səbail” oyununu izləyənlər arasında Şahin Diniyevin qardaşı oğlu sabiq hakim Ramil Diniyev də yer alıb. Ancaq Ramin bəy görüşü heç də azarkeş kimi izləməyib.

Premyer Liqa oyunlarına hakim-inspektor kimi təyinat alan R. Diniyev bu görüşdə rəsmi şəxs kimi olmasa da, davamlı hakimlərlə isti münasibətdə olub və səlahiyyəti olmadığı halda referilərin otağında görünüb.

Maraqlıdır ki, həmin görüşün ardından görüşün baş hakimi Nicat İsmayıllının qərarları ciddi narazılığa səbəb olub. O, qarşılaşmada “Kəpəz” əleyhinə verdiyi qərarlarla Gəncə təmsilçisini özündən çıxarıb və klub bu barədə rəsmi narazılıq bildirib. Referi “Dənizçilər”in ilk qolundan öncə yan xəttdən çıxan topu yardımcısı “Kəpəz” lehinə göstərsə də, anlaşılmaz şəkildə qərarını “sarı-göylər”in əleyhinə verib.

Onun laynsmanın haqlı qərarına tabe olmaması qarşı tərəfdə etiraza səbəb olub, ancaq baş hakim fikrindən dönməyib. Və nəticədə epizodun davamında “Səbail” penalti qazanaraq hesabı bərabərləşdirib.

Elə qoldan öncə “Səbail”in futbolçusunun “Kəpəz”in hücumçusu Amil Yunanovu itələməsi və görüşün 48-ci dəqiqəsində qonaqların oyunçusu Rüfət Əhmədzadənin cərimə meydançasında topa əllə toxunması da referinin diqqətindən kənar qalıb.

Şahin Diniyevin “Səbail”dəki gələcəyini bəlirləyən matçlardan biri öncəsi qardaşı oğlu Ramil Diniyevin hakimlərlə davamlı dialoqda olması və onların otağında görünməsi heç də birmənalı qarşılanmayıb. Xüsusilə də Nicat İsmayıllının bütün səhv qərarlarının “Səbail” lehinə olması ağıllara bir çox sual gətirib.

Daha bir maraq məqam isə Ramil Diniyevin bu görüşdən bir gün sonra – “Turan Tovuz” – “Qəbələ” matçında hakim-inspektor kimi görünməsi olub. Belə ki, sözügedən görüşün VAR hakimi də məhz “Kəpəz” – “Səbail” matçının ədalət təmsilçisi Nicat İsmayıllı olub.

Diniyevin bir gün sonra əmisi üçün önəmli qarşılaşmalardan biri öncəsi isti münasibətdə olduğu referiyə 24 saatın ardından qiymət verəcək olması “Kəpəz” – “Səbail” görüşündə olan səhvlər ətrafında söz-söhbətləri artırıb.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43