28 Noyabr 2024
Ölkə futbolu

“Çox istəyirdim ki, Qara Qarayev bizim komandamızda olsun”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Qara Qarayevin qəsəbə təmsilçisinə keçəcəyi iddialarına cavab verib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssis “Sumqayıt” görüşününün (2:0) ardından keçirilən mətbuat konfransında danışıb. Sadıqov ötən il Qarayevi transfer etmək istədiklərini bildirib:

“Qara Qarayevlə ötən il danışığımız olub. Özüm danışmışdım onunla. Çox istəyirdim ki, Qara bizim komandamızda olsun. Amma o, “Neftçi”ni seçdi. Karyerasını orada davam etdirmək istədi. İndi də elə bir dönəmdə sərbəst qalıb ki, o mövqedə 5-6 futbolçumuz var. Buna görə də qərar verməkdə çətinlik çəkirsən. Adam istəyər ki, Qara kimi futbolçu heyətdə olsun. Açığı, bu il Qara ilə heç bir danışığımız olmayıb. Amma keçən il israrla onu heyətdə görmək istəyirdim.

Biz Qarayla elə yollardan keçmişik ki… Komandaya gəldi-gəlmədi bu, bizim münasibətimizə təsir edə bilməz. Onunla 15 il bir yerdə olmuşuq. Bundan sonra aramızda inciklik olmaz. Sadəcə, məni də sıxan məsələlər var. Biz də seleksiyamızı etmişik. Mənimlə birlikdə nəticə verən, ötən mövsüm ikinci olan, bizi pley-offa qədər daşıyan futbolçular var. Qara da elə bir oyunçudur ki, oynamalıdır. Onun gedib hardasa ehtiyatda oturması düzgün olmaz. 70-80 faiz matçlarda iştirak etməlidir. Özü də çox iddialı futbolçudur. Onunla davamlı əlaqədəyik. Futbol barədə söhbət edirik.Ancaq transfer barədə hər hansı bir söhbətimiz olmayıb”.

Xatırladaq ki, Qara Qarayevlə bu yaıxnlarda “Neftçi” ilə yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43