28 Oktyabr 2024
Ölkə futbolu

“Belə penaltini təsdiq edirlərsə, biabırçılıqdır” – “Şamaxı”nın kapitanı

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimizin kim olduğunu bilirdik. “Qarabağ” Azərbaycanda bütün klublardan 2-3 qat üstündü. Komanda Avropa Liqasında mübarizə aparır, Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyır. Son oyunda “Ayaks”a məğlub olmuşdular deyə, bu görüşdə mütləq qələbə istəyirdilər. Biz də yaxşı nəticə üçün meydana çıxmışdıq. Təəssüf ki, alınmadı. Penaltidən geriyə düşdük, sonra da geri dönüş etmək alınmadı”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın kapitanı Adil Nağıyev “Qarabağ” məğlubiyyəti (0:3) barədə danışarkən deyib. O, səbəb olduğu penalti epizodu haqqında isə bunları deyib:

“Təmiz biabırçılıqdır. VAR-da oturan Elçin Məsiyev bu epizodda hakimi monitora dəvət etmirsə, deyiləcək söz qalmayıb. Burada baş hakimin də günahı yoxdur. Belə penaltini təsdiq edirlərsə, biabırçılıqdır. Son turlarda ancaq hakimlərdən danışırıq. Bu, yaxşı hal deyil. Ancaq başqa əlacımız qalmayıb. “Araz Naxçıvan”la görüşdə penaltimiz verilmədi, “Turan Tovuz”la matçda son dəqiqələrdə qapımıza on bir metrlik cərimə zərbəsi təyin edildi. Rəqiblərə dərhal penalti verilir, bizdə çatanda isə olmur”.

Son 4 oyunda cəmi bir xal qazanan bölgə klubunun kapitanı komandada eniş olub-olmamasını belə şərh edib:

“Heyətimiz geniş deyil. Komandada zədəli, kart cəzalısı olanda bu, çıxışımıza çox təsir edir. İtkilər tam şəkildə oyunlara hazırlaşmağa imkan vermədi. Bizdə ehtiyat qüvvə yoxdu. Uşaqların çoxu cavandı, təcrübəsizdir. Bu da oyunumuza təsir edir. Hazırda 6-cı pillədəyik. Aşağıda olan komandalar “Neftçi”, “Sumqayıt” yavaş-yavaş yuxarı qalxırlar. Biz də gərək xallar toplayaq ki, aşağı düşməyək”.

Bir dönəm milli komandanın üzvü olan təcrübəli müdafiəçi yenidən yığmada çıxış etmək istədiyini bildirib:

“Dəvət etsələr gedib canla-başla oynayarıq. Olmasa da, canları sağ olsun. Hazırkı performansımla milliyə layiq olub-olmadığım barədə mənim nəsə deməyim doğru olmaz. Amma bütün fikrim oyunlardadı. “Şamaxı”da özümü yaxşı tərəfdən göstərməliyəm ki, Fernandu Santuş da görüb dəvət eləsin. Təəssüf ki, millinin nəticələri yaxşı deyil. Biz də belə olmasını istəmirik. Hər oyunlarını izləyirik. İnanaq ki, tezliklə düzələcək”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43