19 Noyabr 2024
Ölkə futbolu

“Pulumuz yoxdur deyə, hakimlər bizi sıxmalıdır? – bölgə klubunun məşqçisi

Azərbaycan I Liqasının VII turu çərçivəsində keçirilən “Mingəçevir” – “Baku Sportinq” oyununda ev sahibi komandanın məşqçisi Namiq İbrahimli cəzalanıb. AFFA İntizam Komitəsinin açıqlamasına görə, məşqçi matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid edib. Bu səbəbdən də o, 5 oyun cəzalanıb və “Mingəçevir” komandası 400 manat cərimə edilib.

Nə baş verdiyini bilmək üçün bölgə komandasının məşqçisi ilə əlaqə saxladıq. İbrahimli İdmanxeber.az saytına baş yaşananlarla bağlı bunları dedi:

AFFA-nın mənim barəmdə verdiyi cəzadan xəbərim var. Ancaq gəlin analiz edək görək, orada nə baş verib. Heç kim durduğu yerə hakimə etiraz etməz. Orada qeyd edilib ki, hakimi təhqir və təhdid etmişəm. Oyun Zəfər Günü baş verib. Həmin gün qazi yoldaşlarımla bərabər Mingəçevir şəhərində tədbirdə iştirak etmişik. Daha sonra oyuna baxmağa gəliblər. Mən özüm də müharibə iştirakçısı olmuşam. Rəqib komanda ofsayd olan epizoddan qapımıza hücum edir və penalti qazanır. İkinci hissədə hesab 1:1 olarkən, bizim lehimizə verilməyən epizoda bənzər daha bir penalti qonaqların lehinə verilir. İndi biz özümüzdən çıxmayaq nə edək? Mən özüm müharibə veteranıyam, mümkün qədər səbrli olmağa çalışıram. Ancaq hamının bir səbr kasası var. Pulumuz yoxdur deyə, hakimlər bizi sıxmalıdır? Orada yazıblar ki, hakimi təhqir və təhdid etmişəm. Əgər elə olsaydı, qazi yoldaşlarım meydana girib hakimi parçalayardılar. Hər şeyin bir həddi var. Yaxşı deyək ki, mən cəzamı aldım. Çalışaram bundan sonra daha səbrli olum. Bəs hakimlər necə? Onlar da cəzalanacaq? Mən də bunu bilmək istəyirəm. Hər oyun bizi özümüzdən çıxarırlar. Hakimlərə də nəzarət etmək lazımdı. 

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43