26 Noyabr 2024
Ölkə futbolu

Riskli və ümidverici addım

Krunoslav Renduliçin “Sabah”dan ayrılışı gözlənilən idi. Komanda cari mövsüm səviyyəsinin çox aşağısında çıxış edirdi. “Sabah” kimi geniş və Premyer Liqa üçün yetərli səviyyədə heyəti olan komandanın 7 oyun qələbə qazana bilməməsi ciddi uğursuzluqdu. Ötən mövsüm təyinatından dərhal sonra çempionatımıza adaptasiya olan və Bakı klubunu hədəfinə çatdıran Renduliç “bayquşlar”ı heç cür toparlaya bilmədi. Nəticədə gözlənilən oldu, baş məşqçi ilə vidalaşıldı. Mütəxəssislə yolların ayrılması düzgün qərardı. İndi “Sabah”ın dərhal özünə gəlməsi, qarşıdakı ilk oyunda da toparlanması lazımdı. 

Vasili Berezutiski təyinatı isə xüsusi vurğulanmalı məqamdı. Rusiya millisinin sabiq üzvü ciddi məsuliyyətlə üz-üzədi. Hətta buna riskli təyinatda demək olar. Amma o, mümkünsüzə sürüklənməyib. “Sabah”ı hazırda avrokubok zonası deyə biləcəyimiz 4-cü pillədən sadəcə bir xal geridə qalıb. Gənc mütəxəssisin qarşıda uzun yolu var. Onun bu yükü qaldırıb-qaldıra bilməyəcəyini təxmin etmək asan deyil. Ancaq Berezutski yetərli məşqçilik təcrübəsinə malikdi. Baş məşqçi olmaması buna əngəl deyil. Üstəlik müasir futbolda artıq gənc, dinamik məşqçilərə üstünlük verildiyini görə bilərik.

Məsələn, Arda Turanın rəhbərlik etdiyi “Eyüpspor” ötən mövsüm Türkiyə I Liqasından Super Liqaya yüksəlib. Cari mövsüm Türkiyə çempionatında da çox yaxşı təsir bağışlayır. Halbuki Arda daha öncə heç bir komandada çalışmamışdı. Saysız belə örnəklər var. Hər birinin uğurlu olduğu deyə bilməcəyimiz kimi, uğursuz olacaqlarını da deyə bilmirik.

Berezutski ÇSKA-da, “Krasnodar”da, “Şanxay Şenxua”da köməkçi məşqçilik edib. İndi ona özünü göstərməsi üçün daha böyük fürsət verilib. Öhdəsindən gələ biləcəyinə inanılır. Bu gün Rusyiya çempionatı xeyli inkişaf edib, Avropa futboluna yaxın oyunlar sərgilənir. Əgər Berezutski ÇSKA kimi iddialı bir klubda çalışıbsa, onu yetərsizlikdə ittiham etmək doğru olmaz. İndi narahatedici yeganə məqam gənc mütəxəssisin qısa vaxtda komandanı toparlayıb-toparlayamayacağıdı. Rusiyalı dərhal adaptasiya olmalı, komandanı tanımalı və gəlişini göstərməlidi.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43