Azərbaycan I Liqasında mübarizə aparan “Mingəçevir” klubunda hədəf Premyer Liqaya vəsiqə qazanmaqdır.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi bunun üçün stadion problemini həll etməyə hazırdır. Komanda I Liqada rəqiblərini Yaşar Məmmədzadə adına şəhər stadionunun ehtiyat meydançasında qəbul edir.
Süni örtüklü meydança oyunların keçirilməsi üçün uyğun olsa da, bəzi çatışmazlıqlar var. Ancaq rəhbərlik bu problemləri aradan qaldırmağa hazırdır.
Əgər komanda elitaya vəsiqə qazansa, stadionunun köməkçi meydançasında yeni tribunalar qurlaşdırılacaq, mətbuat nümayəndələri üçün sektor yaradılacaq və paltardəyişmə otaqları daha ideal vəziyyətə gətiriləcək.
“Mingəçevir”in əsas məqsədi Premyer Liqada da rəqiblərini doğma meydanda qəbul etməkdir. Rəhbərlik elita üçün ən vacib olan stadion problemini bu cür həll etməyi düşünür.
Xatırladaq ki, komanda hazırda Azərbaycan I Liqasında 42 xalla 2-ci pillədə qərarlaşıb.

