20 İyun 2026
İdman

“Bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir”

Azərbaycanın futzal millisi 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsi üçün düzgün hazırlıq keçməli və rəqiblərə qarşı həvəslə oynamalıdır.

İdmanxeber.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yevgeni Kukseviç Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, yaxşı rəqiblərlə bir qrupda yer aldıqlarını söyləyib:

“Nəticə qazanmaq mümkündür. Bizim yaxşı komandamız var. Sadəcə düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq. Ümumiyyətlə, pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır”.

Mütəxəssis Çexiya seçməsinin ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olduğunu sözlərinə əlavə edib:

“Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar. Latviya yığması da son illərdə inkişafdadır. Avropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər. Bu onu göstərir ki, bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir”.

Azərbaycan millisi 12-ci qrupda Çexiya və Latviya ilə üz-üzə gələcək. Ev-səfər prinsipi ilə keçiriləcək matçların nəticəsinə uyğun olaraq, qrup mərhələsini ilk iki pillədə başa vuracaq komandalar mübarizəni davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43