Kateqoriyasız

AFFA “Sabah”a güzəşt edir? – “Binə” klubu faktları açıqladı

AFFA-nın İntizam Komitəsi “Sabah” – “Binə” matçında yaşanan insidentlərə görə rəqib komandaya 0:3 hesablı texniki məğlubiyyət verib.

İdmanxeber.az-ın məlumatına görə, cəzalandırıkan “Binə” klubu bu qərarla razılaşmır. Klub rəsmi “facebook” hesabından etdiyi paylaşımla bəzi məsələlərə toxunub.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Oyunda baş hakim tərəfindən heç bir qırmızı kart göstərilmədiyi halda aşağıda qeyd olunan bu qərarı da heyrətlə qarşıladıq:
“Binə” klubunun 5 №-li futbolçusu Xəyal Ələkbərli və “Sabah” klubunun 4 №-li futbolçusu Əli Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3). Verilən bu qərara əsasən söyləmək olar ki, oyun zamanı video çəkiliş aparan “Sabah” klubu oyunun video materiallarını AFFA’ya təqdim etməmişdir. Çünki video görüntülərdə oyun zamanı heç bir futbolçuya qırmızı kart göstərilməməsi və heç bir təhlükəsizlik tədbirinin görülməməsi açıq-aşkar şəkildə əks olunmuşdur.

Ayrıca İntizam Komitəsi tərəfindən açıqlanan
“Meydan sahibi kluba – təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunur” adlanan qərarı da həqiqəti əks etdirmir. Oyun zamanı meydanda heç bir təhlükəsizlik tədbiri görülməmişdir.

“Binə” Futbol Klubu olaraq əsasnamənin 6.5 maddəsini açıq-aşkar şəkildə pozan, AFFA’nın müəyyənləşdirdiyi əsasnamənin tələblərinə qarşı çıxan “Sabah” klubuna texniki məğlubiyyətin verilmədiyi bu qərarla qəti şəkildə razılaşmırıq. Oyun zamanı meydanda çıxış edən futbolçuların, oyunu idarə edən hakimlərin, texniki zonada olan rəsmi şəxslərin heç bir can güvənliyi olmamış, ev sahibi komanda tərəfindən stadionda təhlükəsizlik təmin edilməmişdir.

“Binə” Futbol Klubu İntizam Komitəsinin bu qərarına etiraz olaraq AFFA’nın Apellyasiya Arbitraj Tribunalına müraciət edəcəkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43