11 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan”da son durum: “Gözləmə mövqeyindəyik”

“Araz Naxçıvan” I Divizionda 2022/23 mövsümünü çempion kimi tamamlasa da, növbəti ildən Premyer Liqada çıxış edib-etməyəcəyi bəlli deyil. AFFA-nın baş katibi Sərxan Hacıyev hər açıqlamasında israrla çempionatda sonuncu yeri tutan komandanın elitanı tərk edəcəyini bildirir.

Bu səbəbdən də Naxçıvan təmsilçisinin növbəti mövsümdən Premyer Liqada olacağına ümid böyükdür. Ara-sıra klub barədə müxtəlif xəbərlər çıxsa da, hazırda komandada əsas liqaya gəlmək üçün ciddi işlər görülür.

Artıq Naxçıvan şəhər stadionunun qazonu ilə bağlı çalışmalar başlayıb. Bununla bərabər klub infrastrukturla bağlı çatışmazlıqları aradan qaldırır. 

Hazırda rəhbərlik və məşqçilər heyəti tamamən Premyer Liqaya köklənib və bütün hesablarını da bunun üzərinə qurublar.

Əslində AFFA-dan gələn siqnallar da bunu göstərir. Əgər bir son dəqiqə sürprizi baş verməsə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.

Son durumun nə yerdə olduğunu öyrənmək üçün komandanın baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis məsələ ilə bağlı idmanxeber.az saytına bunları dedi:

“Hələlik konkret bir şey yoxdur. Ancaq bu günlərdə bizə rəsmi bir məlumat verilməlidir. Bizdən tələb olunan hər bir şeyi yerini yetirəcəyik. Əsas çalışmalar mayın 24-25-də başlanılacaq.

Heyətlə bağlı hər hansı bir ciddi addım atmamışıq. Tələsmirik, AFFA-nın rəsmi qərarını gözləyirik. Nəzərə alaq ki, hələ mövsüm bitməyib, oyunlar davam edir. Bu səbəbdən də hansısa futbolçu barədə nəsə demək doğru olmaz. Çempionat bitəndən sonra danışıqlara başlayacağıq. Hazırda izləmə və gözləmə mövqeyindəyik”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43