“Zirə”nin kapitanı Qismət Alıyevin idmanxeber.az saytına müsahibəsi
-Qəbələdə Premyer Liqadakı əsas rəqibinizə qarşı uduzdunuz. Səncə, məğlubiyyətin səbəbləri nə idi?
-Oyuna yaxşı hazırlaşmışdıq. “Qəbələ”nin öz meydanındakı gücünü bilirdik. 4-cü pillə uğrunda ən əsas rəqibimiz onlardı. Başlanğıc bizim istədiyimiz kimi idi, normal mübarizə aparırdıq. Hesab açılmamışdan öncə iki yüz faizlik imkanımız oldu, demək olar topları boş qapıdan keçirə bilmədik. Bəlkə də bunlardan istifadə etsəydik, hər şey başqa cür olardı. Artıq qarşıdakı oyunlar barədə düşünürük.
-Artıq 4-cü pilləni əldən vermisiniz. Yenidən həmin mövqeyə qayıtmaq çətin olmayacaq?
-Hələ qarşıda 8 oyun var. İndidən nəsə demək olmaz. Heç nə əldən getməyib. Neçə tur idi ki, biz elə 4-cü yerdəydik. Artıq hər oyun final kimi keçirəcəyik. Qələbələr qazanıb hədəfimizdəki mövqeni qaytara bilərik. Avrokuboklara şansımız yenə də öz əlimizdədi. “Qəbələ” cəmi bir xal bizdən önə keçib. Hədəfimiz bəllidir, 4-cü yeri tutub “Neftçi”nin kubokun finalında qalib olmasını gözləmək. Bu dəqiqə ancaq bu barədə düşünürük.
-Oyunun ardından baş məşqçi Rəşad Sadıqov komandanın etdiyi sadə səhvlərə söz tapa bilmədəyini vurğuladı. Səncə, bu səhvlərin səbəbləri nədir?
-Məşqçimizin sözündə həqiqət var. Oyunlarda çox bəsit qollar buraxırıq, əlimizə düşən imkanlardan yararlana bilmirik. “Qəbələ” ilə oyunda da eyni şeylər yaşandı. Ümumən indiyə qədər yüz faizlik epizodlarımızı dəyərləndirsəydik, bəlkə də xallarımızın sayı daha fərqli olardı. Məşqçi də bunu görür, fərqindədi. Çalışıb bunların üzərində işləyib bu səhvləri aradan qaldırmalıyıq.
-“Qəbələ” görüşünün ardından azarkeşlərlə gərginlik yaşadın. Nə baş vermişdi orda?
-Mən illərdir “Qəbələ”də çıxış etmişəm, onların azarkeşlərinə heç vaxt bir kəlmə belə söz demərəm. Sadəcə, stadionda 3-4 nəfər var idi ki, onlar ağızlarına gələni danışırdılar. Bəlkə də heç davamlı gəlib oyuna baxan deyillər. Mən də “Qəbələ”nin azarkeşlərinə dedim ki, heç olmasa siz onları sakitləşdirin, on ildən çoxdur burada oynamışam. “Qəbələ” üçün özgə adam deyiləm. Bu klubun azarkeşlərinin həmişə hörmətini saxlamışam, heç vaxt aramızda hər hansı bir problem yaşanmayıb. Əgər azarkeşlərə artıq-əskik nəsə desəydim, digər tribunalardan da cavab verərdilər. Sadəcə, tərəfdarlardan o 3-4 nəfəri susdurmalarını istəmişdim.
Həsən Quluzadə

