Ölkə futbolu

Bölgə klubunda ərəb futbolçu ilə yollar ayrılır

“Qəbələ” növbəti mövsümün transfer çalışmalarına başlayıb.

Premyer Liqada 4-cü pillədə qərarlaşan əyalət təmsilçisi mövsüm sonu bir neçə futbolçu ilə vidalaşa bilər. Ölkə kubokunda finala yüksələn “qırmızı-qaralar” əsas heyətə düşə bilməyən bəzi isimlərlə yolları ayıracaq.

Rəhbərlik indidən kimlərin göndəriləcəyini dəqiqləşdirməsə də, məşqçilər heyətinin oyunlardakı şans verdiyi futbolçuların çıxışı qərara təsir edəcək.

Əlbəttə, bütün bunlar klubun növbəti mövsümkü büdcəsindən asılı olacaq. Cari mövsüm qarşıya qoyulan vəzifənin öhdəsindən gəlinməsi gələn il maliyyənin artırılmasına və heyətin daha da güclənməsinə səbəb ola bilər.

Ancaq bunlarla yanaşı, performansı bəlli olan və əsas heyətə düşə bilməyən bir neçə legionerin göndərilmə ehtimalı var. İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, onlardan biri də Omar Hanidir.

24 yaşlı oyunçu komandanın əsas heyətində yer ala bilmir. İordaniyalı artıq ehtiyat futbolçusuna çevrilib.

Əgər rəhbərlik növbəti mövsüm heyətə yeni legionerlər cəlb etməyi planlasa, məşqçilər heyəti Omarın göndərilməsinə izin verəcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43