“Rəsmi açıqlanmasa da, Premyer Liqaya yüksəlməyi bacarmışıq. Ancaq məqsədimiz mövsümü qızıl medallarla bitirməkdir. Komandada hazırda yeganə ab-hava sırf çempionluqdur. Naxçıvanda isə Premyer Liqanı böyük maraqla gözləyirlər. Burada “Qarabağ”, “Neftçi” kimi klubları qəbul etmək istəyirik. Naxçıvanda futbola böyük maraq var. Düşünürəm ki, AFFA və PFL qərar verərkən çox şeyləri nəzərə alacaq. Ümid edirəm bütün bu infrastruktur məsələlərini həll etdikdən sonra komanda əsas liqaya yüksələcək”.
Bu sözləri idmanxeber.az saytına “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov komandanın Premyer Liqaya vəsiqəni təmin etməsi barədə danışarkən deyib. O, əsas liqa üçün lazımı bütün işlərin görüləcəyini bildirib:
“AFFA-nın lisenziya tələblərinə uyğun işləri ilə rəhbərliyimiz məşğul olur. Bu cəhətdən bizim heç bir promlemimiz yoxdur. Bizdən meydançanın qazonu və stadionunun işıqlandırma məsələsinin həll edilməsi tələb edilib. Bunlar da yaxın vaxtlarda öz həllini tapacaq. AFFA və PFL-in tələbləri baxımından heç bir problemimiz yoxdur”.
Naxçıvan təmsilçisinin baş məşqçisi son dönəmlərdə komandanın adının danışılmış oyunlarda hallanmasına da münasibət bildirib. O, bu iddiaların əsassız olduğunu açıqlayıb:
“Bu söz-söhbətlər həm gülməli, həm də əsassızdır. Bu iradlara cavab belə vermək doğru deyil. Bu gün AFFA və PFL-də belə işlərə qarşı mübarizə aparan nümayəndələr var. Dövlətin güc strukturları da buna nəzarət edirlər. Bizim qapımız açıqdı, kimin nə sözü varsa, gəlib deyə bilər. “Araz Naxçıvan” bütün idman prinsiplərinə uyğun şəkildə yoluna davam edir. Hər zaman düzgünlüyə, bərabərliyə və təmiz idmana üstünlük vermişik”.
Həsən Quluzadə

