09 İyul 2026
Ölkə futbolu

“Bütün komandalar maliyyə baxımından bizdən öndə gəlir”

“Hazırlıq pis keçmədi. Yoxlama oyunlarını bitirdik. Bir-iki görüş daha keçirə bilsəydik, yaxşı olardı. Sonuncu matçımızı “Kəpəz”ə qarşı oynadıq. Sağ olsunlar, bizimlə yoxlama oyunu keçirməyə razılaşdılar. Amma hər zaman tam istədiyimiz formada ola bilmirik. Görüləsi işlər çoxdur. Komandanın 70-80 faizi dəyişib, sıfırdan başlayırıq. Özümüzə gəlmək üçün vaxta ehtiyacımız olacaq. Yeganə problem hazırda budur”.

Bu sözləri idmanxeber.az saytına I Liqa təmsilçisi “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov komandasının yeni mövsüm öncəsi hazırlığını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“Bu il hamı iddialıdır. Hər kəs eyni səviyyədə, güclü komanda yığıb. Biz də heyətimizə güvənirik, yaxşı nəticələrimiz olacaq. Bilirsiniz ki, “İmişli”də, “İrəvan”da, “Karvan”da sponsor var. Açığı deyim ki, I Liqanın ən zəif büdcəsi bizdədir. Hamı maliyyə baxımından bizdən öndə gəlir. Bütün komandalar dövlətin ayırdığı vəsaitdən başqa əlavə gəlir yeri tapılıb. Bizdə sponsor və ya kömək edən yoxdur. Sağ olsun, Musa Qurbanov komandadan kənarda qalsa da, dəstəyini bizdən əsirgəmir. Ancaq o da öz cibindən ödəyir. Sponsorumuz yoxdur. 

Çempionatımızda futbol prinsipləri bərpa edilsə də, lisenziyalaşdırma şərtləri yerində qalıb. Orada hər hansı bir dəyişiklik yoxdur. Birinci yeri tutanın Premuer Liqaya yüksələcəyi əladır. Biz də iddialıyıq. Yaxşı komandamız var. Çalışacağıq ki, “Zaqatala”nın adına layiq mübarizə aparaq. Hamının gücü çempionatda görünəcək. İndidən heç kim nəsə deyə bilməz. Müəyyən vaxt adaptasiya lazım olacaq. Bir az vaxt keçəndən sonra isə hər şey bilinər. Oyunçu sayı istədiyimiz qədər deyil. Azı 1-2 transfer etmək niyyətimiz var. Amma say olsun deyə yox. Yaxşı futbolçu düşsə, komandaya cəlb edərik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43