Daha öncəki yazılarımızda Azərbaycan futbolunun gələcəyindən narahat olduğumuzu dəfələrlə bildirmişik. Bunu oxuculara və ictimaiyyətə əbəs yerə demirik.
Fəaliyyətsiz bir ili geridə qoyan Rövşən Nəcəf rəhbərliyindəki AFFA problemlər içində olan ölkə futbolunun gələcəyi üçün heç bir addım atmır. Hər kəsə bəlli olan uşaq futbolu, infrastuktur və digər problemlər olduğu kimi yerində qalıb. Və üstəlik, onların nə zaman həll olunacağına dair heç bir məlumat yoxdur.
Hazırda AFFA rəhbərliyinin əlində Belçikada böyük bir məbləğ qarşısında yazılan strategiya planı var ki, bu da artıq çürüyür. Həmin o ağ kağızlarda illərdir futbol mütəxəssislərinin dediyi problemlər qeyd olunub. Hərçənd bunun üçün dövlətin milyonlarını hansısa şirkətə verməyə lüzum yox idi. Ancaq deyək ki, strategiya planı ilə bir sistem yaratmaq istənilib, yenilik kimi ortaya atılıb. Ancaq məsələ yazılanları həyata keçirməkdir. Bəs işə nə vaxt başlanılacaq?
Ümumiyyətlə, Rövşən Nəcəf ölkə futboluna vaxt ayırıb iş görülməsi barədə hər hansı bir göstəriş verəcəkmi? Hazırkı duruma nə qədər hakimdir? Bu gedişatın sonunun faciə olacağını hiss edirmi?
Hamısı ictimaiyyəti və azarkeşləri maraqlandıran cavabı bilinməyən suallardı. Bax, bizi də ən çox bu məqam düşündürür. Azərbaycan futbolunun gələcəyi heç vaxt olmadığı qədər təhlükədə və bəlirsiz durumdadı. Heç nə bəlli deyil. Ortada böyük bir ciddiyətsizlik var. Dəfələrlə bu barədə yazmışıq. Yenə təkrar edirik ki, ölkə futbolu Rövşən Nəcəfin və ətrafının sahəyə yad olmasının qurbanına çevrilir. Azarkeşlərə və futbol ictimaiyyətinə bir daha Azərbaycan futbolunun böyük problemlər içərisində boğulduğunu xatırladırıq.

