08 İyun 2026
Ölkə futbolu

“Kəpəz”ə dəstək olmaq istəyən yoxdur” – İlqar Nadiri

“Keçən mövsüm klubun ətrafında futboldan kənar söhbətlər çox oldu. Bunlar haqlı olaraq azarkeşləri narazı salır. Bu söz-söhbətlər “Kəpəz”in fəaliyyətinə zərbə vuran hallar idi. Çalışırdıq ki, bu məsələləri yekunlaşdıraq. Gəncə futbol bölgəsidir və çətin bir regiondur. Təbii ki, azarkeşlər komandanın bu halından barışmırlar. Biz də onları başa düşürük. Çalışırıq ki, problemləri həll edək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri ATV-də yayımlanan “Futbolumuz” verilişində qonaq olarkən deyib. Klub rəhbəri Gəncə təmsilçisinin sponsor problemi ilə  bağlı məsələyə də toxunub:

“Yalnız dövlətin ayırdığı vəsaitlə mübarizə aparmaq çox çətindir. Premyer Liqada sponsorsuz mübarizə aparan yeganə klub “Kəpəz”dir. Deyilir ki, komandaya sponsor cəlb edilməsinə izin verilmir. Bu, tamamı ilə yanlış fikirdir. Bunu hər kəsə açıq şəkildə deyirəm ki, bu iddialar doğru deyil. Bu gün nəinki sponsor gəlmir, heç kluba dəstək olmaq istəyən də yoxdur. Heç kim “Kəpəz”ə yaxın durmur. Hamı istəyər ki, öz klubunda maddi imkanlar yaxşı olsun”.

“Kəpəz” İdarə Heyətinin sədri İlqar Nadirinin bütün açıqlamasını və verilişin tamamını burada izləyə bilərsiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43