Ölkə futbolu

“Kəpəz” vacib dəyişiklik astanasında?: Bu həftə bilinir!

Tərlan Əhmədovun “Kəpəz”dəki gələcəyi bəlli olur.

Növbəti mövsümün planlamasına başlayan Gəncə klubu bu istiqamətdə çalışmalarını  davam etdirir. Rəhbərlik qarşıdakı futbol ilində daha iddialı heyət yığmaq niyyətindədi. Artıq bir neçə futbolçu ilə yolları ayrılıb və ən qısa vaxtda yeni transferlərin olacağı bidlirilir.

Ancaq hazırda “Kəpəz”də ən çox maraqla gözlənilən baş məşqçisi məsələdir. Tərlan Əhmədovla mövsümün əvvəlindən birtəhər yola getməyi bacaran klub rəhbərliyi onun barədə yekun qərar verməyə hazırlaşır.

Daha öncə “sarı-göylər”dən ayrılacağını deyən Əhmədov sonradan buna peşman olduğunu bildirərək rəhbərliyə qalmaq istədiyi ilə bağlı siqnal ötürsə də, hələlik yekun cavab ala bilməyib. Nəhayət ki, bir müddətdir müzakirələrə səbəb olan mövzu bu həftə konkret həllini tapır.

Belə ki, “Kəpəz” rəhbərliyi önümüzdəki günlərdə komandanın baş məşqçi postunda kimin olacağını açıqlayacaq. Nəzərə alaq ki, hazırkı çalışdırıcı Əhmədovla müqavilə bitsə də, hələ də yenilənməyib.

Bununla yanaşı, rəhbərliyin baş məşqçi postuna bir neçə mütəxəssislə danışıq apardığı bildirilir. Yekun nəticənin bu həftə sonu bəlli olacağı gözlənilir. 

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43