22 İyul 2026
Ölkə futbolu

“Milliyə dəvət alacağımı gözləmək olar” – Araz Abdullayev

Misli Premyer Liqasının XII turunda “Karvan-Yevlax” doğma meydandan “Kəpəz”ə məğlub olub – 1:2. Cari mövsüm ilk dəfə doğma meydanda rəqibini qəbul edən Yevlax təmsilçisi bu nəticəli ilə sonuncu sıraya yuvarlanıb.

Matçda sonra komandanın kapitanı Araz Abdullayevin fikirlərini öyrəndik. Təcrübəli futbolçunun İdmanxeber.az saytına verdiyi müsahibəni təqdim edirik:

-Məğlub oldunuz və sonuncu sıradasınız. Oyunu necə şərh edirsən?

Deyiləsi çox şey var. Biz çalışırıq ki, nələrisə düzəldək. Sadəcə, elə şeylər var ki, özümüz də bilmirik. Ki, necə bu vəziyyətdən çıxaq. Yəqin ki, gələcək oyunlarda nə səhvlərimiz varsa, üzərində işləyərik. Komanda I Liqadan qalxıb. Bəzi şeylər mərhələ-mərhələ düzəlir. İnanaq ki, yevlaxlı fanatları sevindirəcəyik. Çünki onlar daha yaxşısna layiqdir. Biz nələrisə düzəltməliyik. Bu qədər azarkeşlə yaxşı nəticələr qazanmalıyıq. 

– Heyət barədə nə düşünürsən? Səncə, Premyer Liqa səviyyəsi üçün yetərlidir?

Bu, məşqçilərin məsələsidir. Biz verilən tapşırıqları yerinə yetirməliyik. Zamanla analizlər edilər. Kim nəyə layiqdir ona görə qərar verilər. 

– Bu gün stadionda istefa şüarları var idi. Bunlar sizə necə təsir edir?

Biz futbolçuyuq. İşimiz məşq etmək və futbol oynamaqdır. Təcrübəmizlə nələrsə etməyə çalışırıq. Yevlax komandası daha yaxşısına layiqdir. Deyiləcək çox da bir şey yoxdur. Vəziyyətdən çıxa bilməsək, çox çətin olacaq.

– Cari mövsüm bu stadionda ilk rəsmi matçınıza çıxdınız. Meydança necə idi?

Bəzi oyunlar var ki, meydança pis gündə olsa da, xarakterlə həmin görüşdə nəticə qazanmalısan. Bəhanə gətirmək olmaz. Süni meydançadır. Suvarmada var, top da gedir. Əgər suvarma olmasa, o zaman çətin olur. Çünki top sürüşməyəndə yaxşı olmur. Belə şikayətim yoxdur, bəhanəni sevən futbolçu deyiləm. Günahı özümüzdə axtarmalıyıq. 

– Deyilənlərə görə, komandada iki baş məşqçi var – Azər Həşimov və Kənan Kərimov. Bu amil futbolçulara necə təsir edir?

Bu haqda məşqçilərin özü ilə danışın. 

– Vaxtı ilə millinin formasını geyinmisən, ölkənin əsas oyunçularından biri olmusan. Yenidən yığmaya dəvət alacağına inanırsan?

Mən futbolu sevirəm və bu işlə məşğul olmaq istəyirəm. Milliyə dəvət alıb-almayacağım məşqçilərin işidir. Mən sadəcə öz işimlə məşğulam. Hərdən baxırsan ki, milliyə elə oyunçular dəvət alır ki…Mənim də çağrılacağımı gözləmək olar. İndi çətin olsa da, milli üçün hər zaman kömək etməyə hazıram. Ancaq ilk növbədə “Karvan-Yevlax”dakı vəziyyətə düzəldək, sonra yığma barədə düşünərik.

– Son günlərdə legionerin limitinin ləğvi barədə müzakirələr gedir. Səncə, bu qərar azərbaycanlı futbolçulara çətinlik yaradır?

Leginoner limitinin ləğv olmasını mən də istəmirəm. Ona görə yox ki, mən və ya yerlilər oynasın. Sabah milli komandanın matçı olacaq. Bir futbolçu klubundan oynaya bilmirsə, milliyə gələndə necə çıxış edəcək? Biz ondan çox şey gözləyə bilmərik. Çünki ora başqa səviyyədir. Bu, açıqdır. Bəli, bir tərəfdən də səviyyə artması üçün əcnəbi futbolçular gətiririk. Ancaq inkişaf üçün səviyyəli legioner gətirmək lazımdır. Yerli də, əcnəbi də arxayınlaşmamalıdır. 

– Komandanın kapitanısan. Bu gün baş məşqçi əvəzetmə edir, ancaq oyunçu meydandan çıxmır. Kapitan kimi buna münasibətin necədir?

Öpürəm. Çox sağ olun. 

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43