“Sabah”ın uğursuz gedişatı hələlik təsadüfü bir eniş dönəmi ehtimalı üzərindən şərh edilir. Əslində komandanın son oyunlarda ümumiyyətlə, özünə bənzəməməsi kifayət qədər təəccüblüdür.
Hələ ötən tur “Qarabağ” görüşündəki zəif çıxış “bayquşlar”ın performansını müzakirə mövzusuna çıxarmışdı. Turun mərkəzi qarşılaşmasına “Sabah” rəqibinə qarşı müqavimət belə göstərə bilmədi. Düzdür, çempionatımızda rəqiblərdən “Qarabağ”a qarşı belə oyunlar çox görmüşük. Ancaq “Sabah”ın bu cür acizliyi düşündürücü idi. Ötən mövsüm paytaxt təmsilçisinin Ağdam klubuna qarşı görüşlərinə baxanda ortaya böyük fərq çıxır. Komandada həmin heyətlə müqayisədə müəyyən dəyişikliklər olsa da, qətiyyən zəiflədiyini demək olmaz.
“Sabah”ın hələ də “Partizan” oyununun travmasında qalması iddiasını isə Murad Musayev özünəməxsus şəkildə təkzib etmişdi. Açığı, komandanın hələ də serblərə qarşı məğlubiyyətin təsirində qalması iddiası inandırıcı deyil, normal da görünmür. “Sabah” üçün daha fərqli problemlər var.
“Qarabağ” matçındakı çatışmazlıqlar “Kəpəz” oyununda da sezildi. “Sabah” nədənsə əvvəlki arzusunu, həyəcanını itirib. Komanda sanki bircə dəfə avrokuboklarda mərhələ adlamaqla bütün vəzifəsinin öhdəsindən gəldiyi zənninə qapılıb. Ən azından belə bir görüntü ortaya çıxır. Səbəblərini soruşanda isə səbəbkar maraqlı şərhlər verir.
Məsələn, “Kəpəz” oyunundan sonra Musayev komandasının çoxlu epizodlardan yararlana bilmədiyini deyir və rəqibin vaxt aparmasından şikayətlənir. Əvvəla Musayevin komandası gəncəlilərə qarşı heç də böyük, iddialı komanda kimi çıxış etmədi. Heç də “Sabah”dan uğursuz gedişatdan xilas olmaq istəyən bir mübarizə görmədik. Rusiyalı mütəxəssis bu problemin fərqində olmaya bilməz. Ola bilsin media önündə başqa cür danışır. Ancaq komandasının uğursuz çıxışı barədə həqiqətən belə düşünürsə, o zaman problem böyüyər. Ki, bu sabah üçün də yaxşı olmaz.
Böyük iddiası və qısa vaxtda Azərbaycan futbolunda maraqlı xətt formalaşdırmağa başlayan “Sabah”ın toparlanması üçün yetərli siqnallar verilib. Bəzən komanda ruhunu qaytarmaq da ciddi problemə çevrilir. Futbol ağıl, mübarizə və hiss oyunudur. Hələlik komandada bəzi emosiyaların “öldüyü” müşahidə edilir. Bərpa prossesi başlamalıdır ki, “Sabah” qayıtsın/ayılsın. Bu, Musayev üçün o qədər də çətin sınaq olmamalıdır. Yetər ki, hisslərini sağa-sola yox, komandasının probleminə kökləsin.
Həsən Quluzadə

