17 İyul 2026
Ölkə futbolu

“Necə başladığımız yox, necə bitirəcəyimiz önəmlidir”

“Zirə”yə qarşı mövsümün ilk qələbəsini qazanan “Qəbələ” komandasında görüşün ən yaxşılarından biri də komandaya bu mövsüm qoşulan Bilel Auaşeriya idi.

Fransalı yarımmüdafiəçi cari mövsüm bütün görüşlərdə forma şansı əldə etsə də, istənilən performansı göstərə bilmirdi. Komandasının ilk qələbəsindən sonra yarımmüdafiəçi ilə “qırmızı-qaralar”ın mövsümə uğursuz startı və qarşıdakı oyunlar barədə danışdıq:

– “Zirə” ilə oyunda komanda cari mövsüm ilk xallarını qazandı. Bu barədə nə deyə bilərsən?

Oyun bizim üçün çox yaxşı keçdi. Komanda ruhunu göstərə bildik. Uduzduğumuz matçlarda da pis çıxış etmirdik. Amma “Zirə”yə qalib gəlsək də, hələ fantastik deyilik. Mübarizə apardıq, əzmkarlıq göstərdik və qələbə qazandıq. Belə də davam etməliyik. Növbəti oyunlara köklənmək lazımdır. 

– “Zirə” ilə oyunda komandada bir gərginlik var idi. Bu, “Qəbələ”nin xalsız olmasından irəli gəlirdi, yoxsa liderə qarşı oynamağın təzyiqi idi?

Bu, hər oyunda hiss olunmalıdır. Futbolda belə hallar olur. Mütləq bu cür çıxış etməliyik. Hər oyunda mümkün qədər istəkli, aqressiv mübarizə aparmalıyıq. Bu oyunda bütün toplar üçün sanki döyüşürdük. Yəni hər kəs mübarizədən qalib çıxmaq istəyirdi. Yalnız bu halda qələbə əldə etmək olar. 

– Mövsümə heç də yaxşı başlamadınız. “Qəbələ” iki ildir avrokuboklara vəsiqə qazanır. Bu mövsüm də bunu təkrarlaya biləcək?

Necə başladığımız yox, necə bitirəcəyimiz önəmlidir. Bəli, çempionata yaxşı start götürə bilməmişik. Amma təslim olmayacağıq. Bizim üçün mövsüm “Zirə” oyunu ilə başladı. Hədəfimiz hər matçda qalib gəlməkdir. İndi avrokuboklar barədə danışmaq tezdir.

– Üslub olaraq topla davranmağı sevən, texnikalı futbolçusan. Amma sanki hələ də tam özünü göstərə bilmirsən. Səbəb nədir? Adaptasiya ola bilməmisən?

Əslində hamımız bir-birimizə uyğunlaşmalıyıq. Komanda olmağı bacarsaq, nəticələr gələcək. “Qəbələ” bir oyunçudan ibarət deyil. Komandaya maksimum xidmətimi göstərməliyəm. Ona görə bu klubdayam. Əminəm ki, hər şeyi daha yaxşı edəcəyik. 

– “Zirə” ilə oyunda zədələnmişdin. Hazırda necəsən?

Elə ciddi problem yoxdur. Sadəcə, ayaqlarımda gərginlik var idi, çox yorulmuşdum.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43